
Təhsil Nazirliyindən müəllimlərə ciddi xəbərdarlıq
Təhsil naziri Misir Mərdanov ümumtəhsil müəssisələrindəki mövcud vəziyyətlə bağlı paytaxt məktəblərinin direktorlarının iştirakı ilə müşavirə keçirib. Nazir
təhsil müəssisələrinin əldə etdikləri uğurlardan söz açıb. O, ümumi orta
təhsil sahəsində qazanılan nailiyyətlərlə yanaşı, bəzi problem və
nöqsanların da olduğunu deyib. Nazir bunu təəssüf hissi ilə
qarşıladığını, baş verən neqativ hallarla bağlı ciddi narahatlıq
keçirdiyini nəzərə çatdırıb.
M. Mərdanov 2011-ci ilin yanvar -
may aylarında Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə Bakı şəhərinin
ümumtəhsil məktəbləri ilə əlaqədar daxil olan müraciətlər haqqında
məlumat verib. "Qaynar xətt" xidmətinə 127 məktəbdəki neqativ hallar
barədə 223 müraciətin daxil olduğunu qeyd edən nazir bəzi faktları
sadalayıb, adları qeyd olunan ümumtəhsil müəssisələrindəki mövcud
vəziyyətlə bağlı iradlarını bildirib. Nazir, eyni zamanda məktəb
direktorlarına ciddi xəbərdarlıq edib, göstərilən nöqsanların qısa
müddət ərzində aradan qaldırılması və müşavirədə söylənilənlərdən nəticə
çıxarılması ilə bağlı konkret tapşırıqlarını verib.
Müşavirənin
sonunda M. Mərdanov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə
idarənin əməkdaşlarının Bakıdakı ümumtəhsil müəssisələrində olmaları,
baş verə biləcək neqativ halların vaxtında aradan qaldırılması, məktəblə
valideyn arasında daha sıx əlaqənin təmin edilməsi, şagirdlərlə səmimi
ünsiyyət qurulması və digər məsələlərlə bağlı tapşırıqlarını verib.
Könül Aypara