Artıq Bakıda sürüşmə zədəsilə bağlı 11 nəfər xəstəxanaya yerləşdirilib

Artıq Bakıda sürüşmə zədəsilə bağlı 11 nəfər xəstəxanaya yerləşdirilib

12 Dekabr 2013 14:51
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda müşahidə olunan şaxtalı və qarlı hava şəraiti nəticəsində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciətlərin sayı artıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin baş həkimi Zemfira Vahidova Apa -ya açıqlamasında bildirib ki, artıq sürüşmə nəticəsində xəsarət alan və xəstəxanaya yerləşdirilənlər olub. Onun sözlərinə görə, müraciətlər əsasən küçədə sürüşmə nəticəsində qeydə alınan zədələrlə bağlıdır: "Bu gün səhərdən indiyədək stansiyaya 15 müraciət daxil olub. Onlardan 4 nəfərinə yerində ilkin tibbi-yardım göstərilib, 11 nəfəri isə diaqnozundan asılı olaraq müxtəlif xəstəxanalarda yerləşdirilib. Müraciət edən 15 nəfərdən 4 nəfəri kişi, 11 nəfəri isə qadındır".

Z.Vahidova müraciətlərin daha çox hansı ərazilərdən daxil olduğunu da açıqlayıb. Onun sözlərinə görə, sürüşmə nəticəsində zədələnmə ilə bağlı müraciətlər daha çox Nərimanov, Yasamal, Nəsimi Binəqədi Səbail rayonundan daxil olub. Baş həkim qeyd edib ki, paytaxtın Xəzər, Sabunçu, Suraxanı və Xətai rayonlarında qar az yağdığından və orada daha çox yağış müşahidə edildiyindən hər hansı bir zədə ilə bağlı müraciət daxil olmayıb.