Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclası olub

Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclası olub

11 Dekabr 2013 17:42
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Şuradan verilən məlumata görə, MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyevin başçılıq etdiyi komissiyanın üzvləri 6 müraciəti araşdıraraq rəylər qəbul ediblər.

Öncə "Azərbaycan" qəzetinin "modern.az" internet portalında yayımlanmış "Tanınmış telejurnalist insult keçirdi" (2 avqust 2013-cü il) sərlövhəli xəbərdə yanlışlığın yer alması ilə bağlı müraciətinə baxılıb. Saytın təmsilçisi Xəqani Səfəroğlu şikayətdə ifadəsini tapan məqamların haqlı olduğunu, materialın saytdan götürüldüyünü, təkzib verildiyini deyib.

Komissiya cavabdeh tərəfin nəzərinə çatdırıb ki, şikayət doğuran material saytdan götürülsə də, ona digər xəbər portallarının da istinadı məsələnin ictimailəşməsi ilə nəticələnib.

"Space" Müstəqil Televiziya və Radio Şirkətinin "starxeber.az" saytında həmin telekanalın fəaliyyəti, rəhbərliyi və kollektivi haqqında yalan və böhtan dolu məlumatların yayılması ilə əlaqədar şikayətin araşdırılmasına cavabdeh tərəfin təmsilçisi qatılmayıb. Məlumat verilib ki, xəbər portalının rəhbərliyi dekabrın 10-da bu barədə orada məlumatla yanaşı Mətbuat Şurasının və şikayətçinin məktublarını yerləşdirib. Bunun prosedur qaydalara zidd olduğu göstərilib. Həmçinin etik prinsiplərə sayğısızlıq hallarının şikayət doğuran materiallarda özünü qabarıq biruzə verdiyi vurğulanıb. Komissiya "starxeber.az"ın "Space" telekanalında vaxtilə işləmiş İdris Cəfərovun qurumun rəhbərliyi haqqında yaydığı çıxışları qarşı tərəfin fikrinə aydınlıq gətirmədən yaymasının həqiqətə xidmət məramından irəli gəlmədiyini müəyyənləşdirib. Şikayətçi tərəfə məsələni hüquqi müstəvidə araşdırmaq tövsiyə olunub.

İclasda Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin "Yeni Müsavat" qəzetilə əlaqədar müraciətinə baxılarkən mətbu nəşrin qarşı tərəfin mövqeyini verməsi əsas götürülüb. Məsələ həllini tapmış hesab edilib.

Komissiya Quba Sosial-İqtisadi Kollecinin və Quba Rayon Polis Şöbəsinin "dosye.az" saytı, İlisu Dövlət Qoruğunun "Təhqiqatın gücü" qəzeti barədə şikayətlərinə baxaraq hər iki kütləvi informasiya vasitəsinə Mətbuat Şurasının xəbərdarlığının olunmasını məqsədəmüvafiq sayıb.

/Apa/