Ketrin Eşton 10 dekabr - İnsan Hüquqları Günü münasibətilə bəyanat yayıb

Ketrin Eşton 10 dekabr - İnsan Hüquqları Günü münasibətilə bəyanat yayıb

10 Dekabr 2013 14:32
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Birliyinin xaric siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eşton 10 dekabr - İnsan Hüquqları Günü münasibətilə bəyanat yayıb. AB-nin Azərbaycandakı nümayəndəliyindən Apa -ya verilən məlumata görə, bəyanatda deyilir ki, bu il 1993-cü ildə Vyanada insan hüquqları üzrə keçirilmiş beynəlxalq konfransın 20-ci ildönümüdür: "Vyana bəyanatı və Fəaliyyət Proqramında bütün insan hüquqlarının universallığı təsdiq edilib, onların təşviqi və müdafiəsində tarixi tərəqqi əldə olunub. Bu, AB üçün ilham mənbəyi olmağa davam edir ki, insan hüquqları AB-nın əsas prinsiplərindəndir. Biz bütün dünyada insan hüquqlarının qorunması naminə ali komissar Navi Pillayın şəxsi töhfəsinə və onun idarəsinin gördüyü nəhəng işə görə onu təbrik edirik".

K. Eşton xatırladıb ki, 1 il əvvəl AB İnsan Hüquqları və Demokratiya üzrə Strategiya Çərçivəsi və Fəaliyyət Planını qəbul edərək insan hüquqları üzrə ilk xüsusi nümayəndəsini - Stavros Lambrinidisi təyin edib: "O vaxtdan etibarən insan hüquqları və demokratiyanın AB-nın xarici fəaliyyətində mərkəzi məsələ olmasına diqqət ayırmışıq. Biz əqidə və ya inam, lesbiyan, gey, biseksual, transgender və interseks insanların hüquqlarının istifadəsi haqda yeni AB təlimatlarını qəbul etmişik. Bütün dünyada ölüm cəzasına qadağa qoymaq üçün uzun müddət kampaniya aparmışıq. AB dünyadakı bütün insanların hüquqlarına hörmət etməyə və onların müdafiəsini qəti şəkildə təşviq etməyə davam edir. Biz bir çox ölkələrdə media və insan hüquqları müdafiəçilərinin hədə-qorxu, zorakılıq və senzuraya məruz qalması hallarının artmasından narahatıq. Bu gün bütün düşüncələrimiz insan hüquqlarını müdafiə etdikləri üçün təqibə məruz qalan şəxslərlədir. AB insan hüquqları və demokratiyaya və onları müdafiə edən tərəflərə öz mətin yardımını təklif etməyə davam edir".