“Texnikabank”ın vəzifəli şəxslərinin apellyasiya baxışının vaxtı müəyyənləşib

“Texnikabank”ın vəzifəli şəxslərinin apellyasiya baxışının vaxtı müəyyənləşib

9 Dekabr 2013 17:33
Bəyəndim (0) Bəyənmədim (0)

Texnikabank"ın Yasamal filialının sabiq müdir müavini, AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidov və digərlərinin apellyasiya şikayəti əsasında keçiriləcək məhkəmənin ilkin baxış iclasının vaxtı müəyyənləşib. E. Seyidovun vəkili Əsabəli Mustafayevin Apa-ya verdiyi məlumata görə, apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası dekabrın 12-də keçiriləcək. Prosesə Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyev sədrlik edəcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Seyidov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həbsdə olan digər şəxslər 7 ildən 8 ilə qədər müddətinə azadlıqdan məhrum olunublar. Məhkəmə azadlıqda olan Nicat Abdullayevin də həbsinə qərar verib. N. Abdullayev 8 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub. Cinayət işi üzrə azadlıqda olan digər şəxslərə isə məhkəmə şərti cəza təyin edib. Şərti cəza alanlardan başqa digər şəxslər hökmdən apellyasiya şikayəti veriblər.

Həmin şəxslər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı), 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə ittiham olunurlar.

Həmin iş üzrə həbs edilən "Texnikabank"ın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev bir müddət əvvəl xəstəliyi ilə əlaqədar həbsdən buraxılıb. Xəstəliyin E. Əliyevin proseslərdə iştirakına imkan vermədiyini nəzərə alan məhkəmə onun barəsində cinayət işinin müvəqqəti olaraq dayandırılmasına və işin ayrılmasına qərar verib.

Həbsdə olan sabiq filial müdiri Azər Cəfərlinin işi də xəstəliyi ilə əlaqədar ayrıca icraata verilib.