
Bakı yollarını yeni taksilər bəzəyəcək
May
ayının sonunadək Bakıya İngiltərədən 100 ədəd taksi gətiriləcək. Bu barədə
Nəqliyyat Nazirliyindən məlumat verilib. Məlumata görə, mayın sonunadək paytaxt
nəqliyyatını 100 ədəd bənövşəyi rəngdə taksi bəzəyəcək. Bu avtomobillər iyun
ayından etibarən sərnişinlərin istifadəsinə veriləcək. İlin sonunadək isə
İngiltərədən daha 800 ədəd bu tipli klassik taksi modelinin gətirilməsi
planlaşdırılır.
Qeyd edək ki, "London Taksi" şirkəti tərəfindən
istehsal olunmuş TX 4 modeli yalnız taksi kimi istifadə edilmək üçün nəzərdə tutulub
və "Avro-4" standartlarına tam cavab verir. Şəhər daxilində yüksək manevr etmək
imkanlarına malik avtomobilin sürücü hissəsinin sərnişin hissəsindən şəffaf
arakəsmə ilə ayrılması sərnişinlər üçün rahat mühit yaradan bu avtomobillərin
arxa hissəsində nəzərdə tutulmuş üzbəüz oturacaqlarda 5 sərnişin əyləşə bilər.
Burada sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılıb.
Bundan əlavə, avtomobil əlil və uşaq arabalarının
salona daxil olması üçün xüsusi pandusla təchiz edilib. Avtomobillərə sayğaclar
quraşdırılıb. Sərnişinlərin rahatlığı üçün müasir texnologiyalar əsasında
qurulan "Call Center" istifadəyə verilib. Gecə-gündüz işləyən dispetçer mərkəzi
böyük sayda avtomobillərin səmərəli idarə edilməsi imkanına malikdir və
maşınların yerinə, sürətinə, yanacaq sərfiyyatına, mühərrikin işlək olub-olmamağına
on-line rejimində nəzarət edilir.
Əgər bir çox sürücülərin və Nəqliyyat
Departamentinin bəzi işçilərinin psixologiyası dəyişməsə, yenə də köhnə hamam -
köhnə tas olacaq... Günel Həbib O.M.