
Məcburi köçkünlər "ev"ləndiriləcək
Azərbaycan paytaxtında məskunlaşan məcburi
köçkünlərin bir hissəsi paytaxtda inşa olunmuş yeni tikilən binalarda
məskunlaşdırıla bilər.
Bu barədə "APA-ECONOMICS"ə Qaçqın və Məcburi
Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədri, baş nazirin müavini
Əli Həsənov bildirib. Məcburi köçkünlərin paytaxtda artıq tikilmiş yeni
binalardakı mənzillərə köçürülməsi ilə bağlı "Qaçqınkom"la danışıqlar
aparıldığını tikinti şirkətləri də təsdiqləyib.
"Akkord İnşaat" şirkətindən bildirilib ki, artıq
şirkətdən yeni tikilən binalardakı mənzillərin siyahısını istəyiblər: "Söhbət
həm 1-2, həm də daha çox otaqlı tam təmirli mənzillərdən gedir".
Məcburi köçkünlərin yeni binalara köçürülməsinə
artıq başlanıb. "Akkord" Şirkətlər Qrupundan verilən məlumata görə, artıq 38
məcburi köçkün ailəsi şirkətin inşa etdiyi yaşayış komplekslərindən birinə
köçürülüb. Yaxın vaxtlarda bura daha 28 ailənin də köçürüləcəyi gözlənilir.
Qeyd edək ki, bu mənzillər tam təmirlidir.
"Qaçqınkom"un mətbuat xidməti isə yeni binalardakı mənzillərə yalnız 20 məcburi
köçkün ailəsinin köçürüldüyünü bildirir: "Məcburi köçkünlər üçün yeni
binalardan mənzillər yalnız kəskin tələbat yarananda alınacaq. Qalan hallarda
onlar üçün mənzilləri "Qaçqınkom"un sifarişi ilə tenderdə qalib gələn şirkətlər
tikəcək".
Sumqayıtda məskunlaşan məcburi köçkünlərin bir
hissəsinin də şəhərin yeni tikilən binalarına köçürülməsi müzakirə olunur.
"Qaçqınkom"un sədri Əli Həsənovun sözlərinə görə, bu şəhərdə şəxsi evlərdə
məskunlaşan məcburi köçkünlər yeni binalara köçürüləcək. Hazırda bununla bağlı
tikinti şirkətləri, eləcə də Maliyyə Nazirliyi və Dövlət Neft Fondu ilə
danışıqlar aparılır.
Yeni mənzil şəhərdə olsa da, son mənzil doğma
torpaqlarda olmalıdır... Günel Həbib O.M.