"Adam içində" verilişi xeyirxah əmələ imza atdı
ANS telekanalında yayımlanan "Adam içində" verilişi xeyirxah əmələ imza atdı. Belə ki, verilişə qatılan iki cütlüyün (hər ikisi gözdən əlildir) nişanını təşkil edən "Adam içində"nin kollektivi bu dəfə toy mərasiminin keçirilməsində birbaşa yardımçı oldu. Verilişin sayəsində əlilləri görən şəxslər dünən "Filiz Palace"-da onlar üçün toy şənliyi qurdular.
"Onlar deyəsən, gözdən əlillər üçün məktəbdə tanış olmuşdular. Sonra verilişimizə qatıldılar. Nişan mərasimini "Adam içində"nin kollektivi keçirtdi. Verilişə baxan xeyriyyəçi insanlar zəng vurub toy mərasimini boyunlarına götürdülər. Çox sevindirici haldır ki, Azərbaycanımızda bu cür yaxçı insanlar var və inanıram ki, bundan sonra daha çox olacaq. Onları nə qədər sevindirdilər! Bizim də bu xeyirxah əməldə bir azca da olsa payımız oldusa, nə mutlu bizə! Hacılara sonsuz təşəkkürümüzü bildiririk! Çox yardımçı oldular gözdən əlil olan yeni cütlüyə. Xüsusilə də Hacı Azadə Taleh qızı, – deyə verilişin prodüsseri Afət Rahilqızı Mediainfo.az-a bunları əlavə etdi:
- Bilirsiniz... Onlar öz aralarında söhbət edərkən, xanımı bəydən soruşdu ki, görəsən, dostlarımızdan iştirak edən var? Bəy də dedi ki, görürəm məgər? Çox təsirləndik... həddindən çox... Allah onları xoşbəxt etsin! Gözəl-göyçək balalar qismət etsin, hansı ki, heç vaxt əlillikdən, bu dünyanın işığından məhrum olmasınlar!
Onu da öyrəndik ki, xalq artisti Flora Kərimova və bir neçə şou-biznes nümayəndəsi də toy məclisində təmənnasız iştirak etməklə həm səbəbkarları sevindiriblər, həm də öz ifaları ilə məclisin abu-havasını yüksəldiblər.
Könül Qocayeva Aypara
































































































