“Oğlan səhvən Qızlar Universitetinə qəbul olunub”

“Oğlan səhvən Qızlar Universitetinə qəbul olunub”

27 Sentyabr 2013 13:36
Bəyəndim (0) Bəyənmədim (0)

"Ali məktəblərin reytinqinə təsir göstərən amil həmin ali məktəblərə qəbul olunan tələbələrin orta balıdır". Modern.az xəbər verir ki, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri M. Abbaszadə deyib. O bildirib ki, reytinq siyahısında birinci yeri Bakı Ali Neft Məktəbi tutur.

"Bu il imtahanda iştirak edən əlaçıların 42 faizi öz nəticələrini təsdiqləyiblər. Onlar 500-700 bal toplayıblar. Əlaçıların yalnız 0.9%-i 0-100 bal arasında nəticə göstərib".

M. Abbaszadə qeyd edib ki, bu il ilk dəfə imtahanlarda iştirak edən oğlanların sayı qızlara nisbətən daha çox olub. "1993-cü il imtahanlarında 17 min oğlan, 33 min qız iştirak edirdisə, bu il 51700 oğlan, 48990 qız iştirak edib. Qəbul olanların arasında isə oğlanlar 16465 , qızlar 17411 nəfər olub".

TQDK sədri kuryozlu bir fakt açıqlayıb: "Bakı Qızlar Universitetinə yalnız qızlar daxil olub. Bir oğlan ərizəsini səhvən yazıb ora düşüb, sonra apellyasiya ərizəsi yazdı və onun üçün balına uyğun yer seçdik. Qəbul olunanlar arasında qızların göstəricisi Pedaqoji Universitetində 85 faiz, Bakı Dövlət Universitetində 75 faiz, Rəssamlar Akademiyasında 80 faiz, Naxçıvan Müəllimlər İnstitunda 90 faizi, Tibb universitetində 65, Dillər Universitetində 80 faizi təşkil edir".

M. Abbaszadə məcburi köçkün abirutiyentlərə dair də müqayisə aparıb. "2000-ci ildə 812 nəfər, bu il isə 3161 məcburi köçküm statuslu adam ali məktəblərə qəbul olub".

Bu il imtahanlarda 55 min cari il məzunu iştirak edib, onların 47 faizi qəbul olub. 41 min ötən ilki məzunun isə 17 faizi tələbə adını qazanıb.

O.M.