Cinayət işi açıldı

Cinayət işi açıldı

27 Sentyabr 2013 11:51
Bəyəndim (0) Bəyənmədim (0)

Tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı cinayət işi başlanıb.

Nəsimi Rayon Prokurorluğundan Apa-ya verilən məlumata görə, 1977-ci il təvəllüdlü Elnarə Niftəliyevanın ölümü ilə bağlı rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Prokurorluqdan həmçinin bildirilib ki, hadisə ilə bağlı saxlanılan yoxdur və hazırda araşdırma aparılır.Qeyd edək ki, E. Niftəliyeva sentyabrın 20-də Nəsimi rayonunda yerləşən "Medi Sina" Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib.

Hadisədən dərhal sonra E. Niftəliyevanın meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibb Ekspertizası və Komisyon müayinədən keçirilib. Apa-nın məlumatına görə, keçirilən ekspertizaların ilkin rəyinə əsasən, E. Niftəliyeva asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub. Baş verən hadisə ilə bağlı E. Niftəliyevanın əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib. E. Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin də ifadəsi alınıb. Hazırda fakt üzə araşdırma aparılır.Qeyd edək ki, A. Niftəliyev mətbuata açıqlamada E. Tofiqqızının əməliyyatdan öncə vurulan narkoz nəticəsində öldüyünü bildirib.

O.M.