"Onun yarısı" və "Toy olsun" verilişlərinin iştirakçısı ailə qurdu!
"Onun yarısı" və "Toy olsun" verilişlərinin yaddaqalan iştirakçılarından biri olmuş Günel Salahova nəhayət ki, subaylığın daşını atdı!
Günel həm də "Oxu Məni" qəzetinin on beş illik oxucu olub. O, hər zaman şirindili, mehriban davranışı ilə seçilib. Oxucu dostları arasında vəfalı, sadiq dost kimi ad qazanıb. Qəzet işçiləri ilə də səmimi münasibətdə olan Günelin xətrini hər kəs istəyib. Biz sözlə, daimi OXUcumuz özünəməxsus hörmət qoyub, bizləri tərk etdi... Tərk etdi dedikdə, ağlınıza pis heç nə gəlməsin. Günel Salahova türk vətəndaşı Ersanla ailə qurduğundan Türkiyəyə köçməli olub. Buna baxmayaraq, o, hələ də bizlərlə bərabərdir. Mümkün qədər qəzetimizi və Oxumeni.az saytını izləyir. Sosial şəbəkələr vasitəsilə dostları ilə də əlaqə saxlamağı unutmur. Bir sözlə, Günel Salahova hələ də sevimli və vəfalı OXUcularımızdandır.
"2011-ci ildə ilk dəfə "Toy olsun"a, sonra isə "Onun yarısı"na çıxmışam. Efirdə 156 nəfər talibim olub. Hər iştirakçıya bu qədər zəng gəlmirdi. Yoldaşımla Türkiyədə toyda tanış olmuşuq. Heç görüşmədik. Biz də bir-birimizi bəyəndik, ailələrimiz də. Beş gündən sonra nişan oldu. Avqustun 18-də isə toy. Ramazan ayı olduğu üçün biz Bakıda toy edə bilmədik. İnşallah, bəlkə gələn il Bakıda qız toyu oldu. Yoldaşım anlayışlı, səbirli insandır. Düz seçim etdiyimə əminəm. Hər şey o qədər ani oldu ki! İndi fikirləşirəm ki, deməli, o qədər namizəd çıxdı mənə, amma heç birinə "hə" deyə bilmədim. Sən demə, qismətim elə öz əlimdə imiş! Ailəsi də çox gözəl ailədir. Mən burda qürbətçilik çəkmirəm".
"Oxu Məni" qəzeti və eyniadlı saytın işçiləri, həmçinin, illərdir Günellə dostluq əlaqəsi işlədən digər OXUcularımız – Rəşad Məhəmmədoğlu, Emin Süleymanov, Sitarə Hüseynova, Kəmalə Azəri, Sərvər Kamranlı, Natəvan Uğurlu, Rahib Saleh, Nofəl Ümid, Validə Fəxri, Fuad Biləsuvarlı, Sevinc, Orxan, Vüsal Qasımov və s. adından GÜNELimizi - yəni "Cici Qızımızı" təbrik edir, ona həyatda ən gözəl nemət olan cansağlığı, ailə səadəti, xoşbətlik arzulayırıq!
"Oxu Məni" kollektivi