Nazirlik 140 bal toplayan məzunun qızıl medalını almayacaq
Təhsil Nazirliyi bir müddət öncə bu il buraxılış imtahanlarında, xüsusilə ən çox "2" qiyməti alan rayonlarla bağlı təhlillərə, araşdırmalara başlayıb. Nazirlikdən "modern.az" saytının sorğusuna cavab olaraq verilən məlumata görə, buraxılış imtahanlarının nəticələri ilə bağlı təhlillər aparılıb və hazırda yekun nəticələrin ümumiləşdirilməsi üzərində iş davam etdirilir.
Məlumatda qeyd edilib ki, nəticələrdən asılı olaraq, müəyyən təkliflər hazırlanacaq.Eyni zamanda nazirlik gümüş və ya qızıl medal alan orta məktəb məzunlarının ali məktəbə qəbul imtahanlarında aşağı bal toplaması və onların medalları pulla almaları haqqında məlumatlara münasibət bildirib. Nazirlikdən qeyd edilib ki, medalların pulla satın alınması barədə fikirlər reallıqdan çox uzaqdır və heç bir əsası yoxdur. "Əgər qeyd edilən məsələ ilə əlaqədar konkret fakt varsa, Təhsil Nazirliyinə müraciət edilsin".
Nazirlik ali məktəbə qəbul üzrə test imtahanında cəmi 140 bal toplamış qızıl medallı şagirddən medalın geri alınmasının mövcud qaydalarda nəzərdə tutulmadığını bildirib.
O.M.