Tələbə köçürülmələri ilə bağlı yeni qaydalar hazırlanır
Azərbaycanda tələbələrin bir ali məktəbdən digər ali məktəbə və ya bir ixtisasdan digər ixtisasa köçürülməsi (daxili köçürülmə) ilə bağlı yeni qaydalar hazırlanır.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Təhsil Nazirliyinin əmri ilə təsdiq olunmuş əsasnaməyə görə, tələbələrin bir dövlət ali təhsil müəssisəsindən digər dövlət ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi birinci kurs və axırıncı semestr istisna olmaqla, Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə müvafiq ali məktəb rəhbərliyi tərəfindən həyata keçirilir.
Mövcud qaydalara görə, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə yalnız əsaslı səbəblər olduğu halda icazə verilir. Bununla bağlı müraciətlərə Təhsil Nazirliyinin müvafiq şöbəsində (Elm, ali və orta ixtisas təhsili şöbəsində) baxılır, sənədlər araşdırılır.
Əsaslandırılmış səbəblər olduğu halda (ailə qurduqda, sağlamlıqla bağlı problem olduqda, yaşayış yerini dəyişdikdə və s.), şöbənin verdiyi təqdimat əsasında tələbənin köçürülməsinə razılıq verilir.
Hazırda bununla bağlı yeni qaydalar hazırlanmaqdadır.
2012-2013-cü tədris ilində Azərbaycanın ali məktəblərində nə qədər tələbənin bir ali məktəbdən digərinə, nə qədər tələbənin isə bir ixtisasdan digər ixtisasa köçürülməsinə gəlincə, qeyd olunub ki, bunu TQDK-nın nəzdində fəaliyyət göstərən tələbə-məzun elektron bankından əldə etmək olar.
O.M.