Anası sevgisinə qarşı çıxdı deyə, özünü binadan atdı
Ana belə alınacağını heç ağlına gətirmirdi. Oğlunun sevgisinə əl uzatması onu ömrünün sonuna qədər yandıracaq.
Şəmkir rayonunun Kür qəsəbəsində 20 yaşlı gəncin faciəli ölümündə milli.az səbəb axtarıb. Məlum olub ki, Eşqin Ələkbərovun özünü yaşadığı binanın 5-ci mərtəbəsindən atması heç də adi bir intihar hadisəsi deyilmiş. Gənc oğlan sevgilisindən ayrılmasına özünü öldürməklə üsyan edib.
Fəhləliklə pul qazanıb sevdiyi qızla evlənmək istəyən E.Ələkbərovun anası onun məhəbbətinə qarşıymış. Həmin qızla evlənməsinə etiraz edən valideynlə Eşqin arasında dəfələrlə münaqişə də yaranıb. Dünən də belə münaqişələrdən biri olub və saat 21 radələrində Eşqin öz eşqinin mübarizəsinə ölümü ilə - intihar etməklə cavab verib.
Şəmkir Rayon Prokurorluğundan bildirildi ki, E.Ələkbərovun özünə qəsd etməsində ailə münaqişəsinin olması da ehtimal olunur. Bütün versiyalara istintaq aydınlıq gətirəcək.
O.M.