Allahşükür Paşazadə dindarları seçkilərdə İlham Əliyevə səs verməyə çağırıb
Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Azərbaycandakı dindarların qarşıdan gələn prezident seçkiləri ilə bağlı toplantısı keçirilir.
Apa-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını, sonra isə Şəhidlər xiyabanını ziyarət ediblər.Tədbirin açılışında "Qurani-Kərim"dən ayələr oxunub.
Toplantıda QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, digər dini konfessiyaların rəhbərləri iştirak edir. Akademik Vasim Məmmədəliyev çıxış edərək bildirib ki, prezident seçkiləri bütün ölkə sakinləri üçün taleyüklü məsələdir, xalq öz taleyini kimə tapşırmaq üçün növbəti beş il üçün seçim edir. V. Məmmədəliyev Azərbaycan dövlətinin son 20 ildə möhkəmlənməsindən danışaraq bütün bunların Heydər Əliyevin sayəsində baş verdini deyib: "Güclü dövlətin qurulması İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Bəzən deyirlər ki, İlham Əliyevə vəkil lazımdırmı? Xeyr, lazım deyil. Onun gördüyü bütün uğurlu işlər isbat edir ki, ona vəkil lazım deyil. Xalq özü onun vəkilidir. İlham Əliyev Azərbaycan yüksələn templə irəli aparır. Bütün bunlara baxmayaraq, ölkədəki dindarlar da seçimini etmək istəyir. Məhz buna görə onlar xahiş etdilər ki, Qafqaz Müsəlmanları İdarəsində yığışsınlar və qərar versinlər".
Şeyxülislam Allahşükür Paşazadə çıxışında bildirib ki, dindarların məramı düzgündür: "Qarşıdan gələn seçkilərdə də bizi haqqa çağıranın tərəfdarıyıq".
QMİ sədri son dövrlərdə prezident İlham Əliyevin dəstəyi ilə ölkədə xeyli sayda məscidlərin tikildiyini, vaxtilə dağıdılmış məscidlərin bərpa olunaraq müsəlmanların ixtiyarına verildiyini vurğulayıb: "Biz dindarlar həqiqəti çox yaxşı görürük. Bizə indiyə kimi istə məscidlərin tikilməsi ilə bağlı, istər digər dini məsələlər ilə bağlı vəd verən siyasətçilər çox olub, amma heç nə etməyiblər. Yalnız mərhum Heydər Əliyev və davamçısı İlham Əliyev bunu sözdə yox, əməldə göstərdilər. Heydər Əliyevin siyasətində həm din, həm də dövlət vardı. Bu gün də İlham Əliyev bunu davam etdirir. Hətta İlham Əliyevin ailəsi, xüsusilə Mehriban xanımın bu sahədə xidmətləri, xeyirxah əməlləri çox nümunəvidir. Bir dindar kimi fəxr edirəm ki, mənim İlham Əliyev kimi prezidentim var. Allah bizə İlham Əliyev kimi şəxsiyyət göndərib".
QMİ sədri ölkə dindarlarını seçkilərdə İlham Əliyevə səs verməyə çağırıb.
O.M.