Şeyx ABŞ-a qarşı çıxdı

Şeyx ABŞ-a qarşı çıxdı

3 Sentyabr 2013 15:44
Bəyəndim (0) Bəyənmədim (0)
Qafqaz Müsəlmanları İdarəsi ABŞ-ın Suriyaya qarşı hərbi əməliyyata hazırlaşmasına etiraz edib

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Amerika Birləşmiş Ştatlarının Suriyaya qarşı hərbi əməliyyata hazırlaşmasına etirazını bildirib. QMİ-dən apa-ya verilən məlumata görə, bununla bağlı yayılan bəyanatda deyilir ki, ABŞ-ın Suriya ərazisində hərbi əməliyyatlara başlaması haqda xəbərlər bütün dünya ictimaiyyətini, o cümlədən, QMİ-ni narahat edir.

Bəyanatda bildirilir ki, bu hadisələrin gedişi ümumən bəşəriyyətin taleyinə təsir edə bilər: "Suriya torpağı tarixən müxtəlif dinlərin nümayəndələrinin yaşadığı və zəngin mənəvi irs yaratdığı məkan olub. Hazırda bu torpaqlarda müqəddəs məkanların, o cümlədən, İslam ziyarətgahlarının dağıdılması və insanların kütləvi məhvi bizim qəlbimizi sarsıdır və bizi hədsiz hiddətləndirir. Heç bir vəchlə bu hadisələrə haqq qazandırmadan, əsl günahkarların ciddi şəkildə müəyyən edilib beynəlxalq mühakiməyə verilərək cəzalandırılmasının tərəfdarıyıq. İnsanlıq əleyhinə cinayət törədənlərin məhvi adı ilə günahsız insanların cəzalandırılmasını isə heç bir halda qəbul edə bilmərik. Heç bir dövlətə demokratiyanı süngü uclarında gətirmək müyəssər olmadığı kimi, təcavüz və kənardan müdaxilə ilə də heç bir xalqı xoşbəxt etmək mümkün deyil. Bunun sonu görünməyən acı nəticələrini və fəsadlarını dünya Əfqanıstan və İraqın nümunəsində görməkdə davam edir".

Bəyanatda xatırladılır ki, Qafqaz Müsəlmanları İdarəsi vaxtilə 11 sentyabrda Nyu-York və Vaşinqton şəhərlərində törədilmiş terror aktlarına da birmənalı qiymət vermişdi: "Biz o hadisələri təkcə Amerika xalqı əleyhinə deyil, bütün sivil bəşəriyyətə qarşı yönəldilən ən çirkin cinayət kimi qiymətləndirmişdik. Azərbaycan xalqı özü təcavüzün və terrorun qurbanlarından biridir. Erməni terroru nəticəsində ölkəmizin 20 faizi işğal olunub, minlərlə həmvətənimiz məhv edilib. Əgər vaxtilə dünya birliyi Ermənistan təcavüzünə layiqli sipər çəksəydi, bu gün terror və təcavüzlər bu qədər vüsət almazdı".

Bəyanatda "Qurani-Kərim"dən sitat gətirilir: ""Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin". (əl-Maidə, 2). Biz ümidvarıq ki, ABŞ vətəndaşlarının iradəsini ifadə edən Konqres bütün dünyadan səslənən "Müdaxiləyə yox" sədalarına biganə qalmayacaq və Suriyada hərbi əməliyyat keçirilməsinə yox deyəcək. Bu, həm ABŞ-ın dünyadakı nüfuzunu artırar, həm də dünyamızı daha böyük fəlakətlərdən xilas edər. Dünya miqyasında sülh mükafatına layiq görülmüş ABŞ prezidentindən də gözləntimiz məhz bu yöndədir. Əminik ki, veriləcək qərar Amerika xalqının milli maraqlarına ən uyğun bir qərar olub, bu dövlətin bütün dünyada nüfuz və qüdrətinin daha da artmasına dəlalət edən müdrik qərar olacaq. Biz dünya ictimaiyyətini, Birləşmiş Millətlər Təşkilatını, dünya dini liderlərini Suriyadakı qanlı münaqişənin tezliklə qarşısının alınması üçün səylərini qətiyyətlə səfərbər etməyə və problemin yalnız dialoq yolu ilə həllinə çalışmağa səsləyirik. Biz o bir olan Allaha dua edirik ki, Suriya torpağında hərbi əməliyyatlar barədə qərar tezliklə xətm olunsun, beynəlxalq hüququn gücü ilə həm bu torpaqlarda, həm də bütün dünyamızda sülh bərqərar olsun".

O.M.