Prezidentə pasport verildi

Prezidentə pasport verildi

2 Sentyabr 2013 21:31
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycan Respublikası vətəndaşının ilk biometrik pasportu prezident İlham Əliyevə təqdim edilib

Sentyabrın 2-də Azərbaycan Respublikası vətəndaşının ilk biometrik pasportunun prezident İlham Əliyevə təqdim edilməsi mərasimi keçirilib. Prezidentin 2007-ci il 13 fevral tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı"nın, həmçinin "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanunda dəyişikliklər edilməsi barədə" 2012-ci il 17 iyul tarixli 686 nömrəli fərmanın tələblərinin vaxtında təmin edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Şəxsiyyəti təsdiq edən sənədlərin verilməsini tənzimləyən normativ hüquqi baza təkmilləşdirilib, ümumvətəndaş, xidməti və diplomatik pasportların təsviri, spesifikasiyası və nümunələri prezidentin 2012-ci il 17 iyul tarixli 687 nömrəli fərmanı ilə təsdiqlənib.

Şəxsiyyəti təsdiq edən yeni nəsil biometrik sənədlərin tətbiqi məqsədilə İqtisadi İnkişaf Nazirliyi tərəfindən aidiyyəti dövlət orqanlarının mütəxəssislərindən ibarət işçi qrup yaradılıb, bu sahədə beynəlxalq səviyyədə tanınmış şirkətlərin təcrübəsi və əldə olunan nailiyyətlər öyrənilib, pasportların təsviri və spesifikasiyası hazırlanıb. Ümumvətəndaş pasportlarının hazırlanması və verilməsi məqsədilə 9 regional mərkəz yaradılıb.

Azərbaycan Respublikası vətəndaşının ilk biometrik pasportunun prezident İlham Əliyevə təqdim edilməsi ilə sentyabrın 2-dən ölkədə yeni nəsil biometrik pasportların verilməsinə başlanılıb. Vətəndaşlar ödədikləri dövlət rüsumunun məbləğindən asılı olaraq on, beş və bir iş günü ərzində ümumvətəndaş pasportları ilə təmin oluna biləcəklər.

O.M.