Qəza törətmiş ispaniyalı maşinistin “avtoş” olduğu bəlli oldu

Qəza törətmiş ispaniyalı maşinistin “avtoş” olduğu bəlli oldu

27 İyul 2013 15:09
Bəyəndim (0) Bəyənmədim (0)
O, ötən il facebook-a 200 km/saat sürəti əks etdirən şəklini yerləşdirərək, istehzalı status yazmışdı...

İspaniyada qəza törətmiş qatarın maşinisti istintaqa adrenalin həvəskarı olduğunu etiraf edib. O, vaxtında əyləcə basa biləcəyini, lakin nədənsə bunu etmədiyini bildirib. İspaniyanın El Pais. qəzetinin məlumatına görə, qəzadan dərhal sonra o, dispetçerlərə sürəti 80 km/s yerinə 190 km/saata yüksəltdiyi barədə məlumat verib. İspaniya hökumətinin Qalisiya üzrə təmsilçisi Samuel Xuaresin iddiasına görə isə, hadisə zamanı qatarın sürəti 220 km/s-dək yüksəlib. Bunu sürücü Fransisko Xose Qarson Amonun ötən il mart ayında facebook-da paylaşdığı şəkillər və status sübut edir. Belə ki, həmin şəkillərdə Amonun idarə etdiyi qatarın spidometri təsvir olunub ki, eyni döngədə sürətin 200 km/s olduğu açıq-aydın görünür. Məlum hadisədən sonra bu statuslar profildən silinsə də, rəylərdən görmək olar ki, Amo ekstremal hadisələr həvəskarı olub. Rəylərin birində dostları ona qanunlara riayət etməsini, sürəti aşağı salmasını məsləhət görsələr də, maşinist rişxəndlə cavab yazıb: "Təsəvvür edin necə kayfdır – milli qvardiyanın yanından elə keçəsən ki, radarları sıradan çıxsın. Ha-ha-ha Renfenin (d/y şirkəti) cəriməsi çox böyük olacaq".

Qeyd edək ki, Amo hazırda müalicə aldığı xəstəxanada həbs olunub. İstintaqın ilkin nəticələrinə görə, onun qanında alkoqol və ya narkotik maddə aşkar edilməyib.

Xatırladaq ki, həftənin çərşənbə günü İspaniya dəmir yollarında çoxsaylı insan tələfatı ilə müşayiət olunan qəza baş verib. Nəticədə 80 nəfər həyatını dəyişib, 178 nəfər yaralanıb. Hazırda xəstəxanalarda 94 nəfər müalicə alır ki, onlardan 1/3-nin vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Ölənlərin sayının artacağı istisna edilmir. Ölkədə üç günlük matəm elan olunub. Cümə axşamı günü yaralıları kral I Xuan Karlos və kraliça Sofiya ziyarət ediblər.

O.M.