“Müsəlman qardaşları” hərəkatı bu gün Qahirədə 120 üzvünün qətlə yetirildiyini bəyan etdi

“Müsəlman qardaşları” hərəkatı bu gün Qahirədə 120 üzvünün qətlə yetirildiyini bəyan etdi

27 İyul 2013 14:32
Bəyəndim (0) Bəyənmədim (0)
Misirdə təxminən 30 milyon insan etiraz mitinqinə qalxıb

Misirin sonuncu prezidenti, "Müsəlman qardaşları" hərəkatının rəhbəri Muhamməd Mursi 15 sutkalıq həbs cəzası aldıqdan sonra ölkə sözün əsl mənasında qarışıb. Sabiq prezidentin tərəfdarları ilə müxalifləri iri şəhərlərdə qarşı-qarşıya durublar. Ölkə vətəndaş müharibəsi ərəfəsindədir. İranın Press TV kanalının bu gün yaydığı məlumata görə, "Müsəlman qardaşları" hərəkatı Qahirədə 120 üzvünün qətlə yetirildiyini bəyan edib. 4.5 min insanın isə ağır yaralandığı bildirilir. Bəyanatda o da bildirilir ki, polis bu gün gecə saatlarında "Müsəlman qardaşları" hərəkatını təmsil edən etirazçıları sülh yolu ilə hadisə yerindən uzaqlaşdırmaq və ya dağıtmaq əvəzinə onlara birbaşa atəş açıb.

Reuters-in xəbərinə görə, Qahirə küçələrində intensiv atışmalar bu saatadək davam edir.

Qeyd edək ki, antiterror adı altında keçirilən əməliyyat dünən axşam saatlarında daxili işlər naziri Muhamməd İbrahimin etirazçılara ultimatum verməsindən sonra başlayıb.

Xatırladaq ki, 04 iyulda hərbçilər Misir prezidenti M.Mursini devirdikdən sonra "Müsəlman qardaşları" hərəkatının üzvləri etiraz mitinqlərinə qalxıblar və devrilmiş prezidentin vəzifəsinə qaytarılmasını tələb edirlər. Sabiq prezident dünən casusluqda ittiham olunaraq həbs cəzası aldıqdan sonra isə qarşıdurma silahlı xarakter alıb.

Münaqişələrdə bu günədək 200 nəfərin dünyasını dəyişdiyi bildirilir.

O.M.