Moskvaya və onun ətrafına giriş xüsusi viza ilə ola bilər

Moskvaya və onun ətrafına giriş xüsusi viza ilə ola bilər

27 İyul 2013 13:02
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycan vətəndaşı olan 30 min əmək miqrantı ailələri ilə birlikdə qovulmaq təhlükəsi ilə üzləşəcək

Moskva və Moskvaətrafı regionların meri vəzifəsinə namizədlər miqrasiya siyasəti məsələsini son zamanlar ciddi şəkildə gündəmə gətiriblər. Rusiya mətbuatının məlumatına görə, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov açıq aydın bəyan edir ki, əmək miqrantları regiona xarici pasport və xüsusi vizalarla daxil olmalıdırlar. Moskva meri Sergey Sobyanin də bu məsələni gündəmdə saxlayaraq hələlik taksi fəaliyyəti ilə məşğul olan miqrantları hədəfə alıb. Hər iki məmur qaydaları pozacaq miqrantların bir daha geri qayıtmaq hüququ olmamaq şərtilə Rusiyadan qovulmasını təklif edir.

"Kommersant"-ın məlumatına görə, Rusiya prezidenti Vladimir Putin 2015-ci ildən etibarən MDB vətəndaşlarının Rusiya Federasiyası ərazisinə sərbəst daxilolmalarını məhdudlaşdırmağı təklif edib. Belə ki, Özbəkistan, Tacikistan və Ukrayna pasportlarında ölkədən çıxış və giriş haqda qeydlər qrafası ümumiyyətlə yoxdur. Həmin ölkələrin vətəndaşları Rusiya ərazisində qeyri-şərtsiz 90 gün qalmalı olduqları halda illərlə qalırlar, bu da Rusiya tərəfi üçün problemlər yaradır.

Xatırladaq ki, Rusiya paytaxtında və ona bitişik regionlarda xüsusi viza rejiminin tətbiqi Azərbaycan vətəndaşları üçün də problemlər yaradacaq. Belə ki, həmin yaşayış məntəqələrində yaşayan azərbaycanlı əmək miqrantlarının sayı qeyri-rəsmi hesablamalara görə təxminən 30 min nəfərdir. Onların ailələrinin də sayını nəzərə alsaq, yeni qanundan 100 mindən çox insanın əziyyət çəkəcəyini görə bilərik.

O.M.