İlham Əliyevə sui-qəsd hazırlayan dəstə üzvlərinin etirafları - 3

İlham Əliyevə sui-qəsd hazırlayan dəstə üzvlərinin etirafları - 3

27 İyul 2013 00:41
Bəyəndim (0) Bəyənmədim (0)
İstintaq materialından: Onlar Aygün Kazımovanı öldürməyə, “Eurovision-2012”-nin finalında partlayış törətməyə, imkanlı şəxsləri oğurlamağa, Azərbaycanda dini cihada hazırlaşırdılar

(II hissəni oxumaq üçün buraya klik edin)

III hissə:

Dövlət əhəmiyyətli binaları partlatmaq

Müttəhim Elmin Nurəliyev həmçinin qeyd edib ki, plana əsasən, yerli hüquq-mühafizə orqanlarının inzibati binası ilə yanaşı Ədliyyə Nazirliyinin, məhkəmələrin, İcra Hakimiyyətlərinin binalarına da basqın planlaşdırılıb. Onun sözlərinə görə, məqsəd dövlət orqanlarının fəaliyyətini iflic vəziyyətinə salmaq və bundan istifadə edərək nəzərdə tutulmuş böyük miqyaslı terror aktlarını həyata keçirmək olub: "Bu məqsədlə mənə və qruplaşmanın digər üzvlərinə olduğumuz ərazilərdə kəşfiyyatlar aparmaqla həmin obyektlərin yerləşdiyi ünvanları öyrənmək tapşırılıb. Bu tapşırığın icrası ilə bağlı 3-4 dəfə Respublika Prokurorluğunun və Daxili İşlər Nazirliyinin Bakı şəhərində yerləşən inzibati binasını, bir dəfə də MTN-nin inzibati binasını müşahidə etmişəm. Vüqar Padarovla söhbətimdə bildirmişəm ki, həmin dövlət orqanlarının yerləşdiyi binaları yaxşı tanıyıram, lakin onun təkidi ilə bir daha gedərək ərazini öyrənmişəm".

"Vüqar Padarov kəşfiyyatı özü aparacağını, basqın planlarını özü hazırlayacağını dedi"

Elmir Nurəliyev daha sonra ifadəsində qeyd edib: "Binanın mühafizəsini müşahidə etmişəm. Hər dəfə Baş Prokurorluğun inzibati binasının tarix muzeyinin lövhəsi quraşdırılmış hissəsindən piyada keçərək binanın ön və arxa hissələrinin müşahidəsini aparmışam. Öyrənmişəm ki, prokurorluğun inzibati binasının ön hissəsində iki polis dayanır. Həmin polis əməkdaşları hərdən bir küçəyə çıxaraq ətrafa nəzarət edirlər. Binanın arxa hissəsində iki nəfər avtomat silahı ilə silahlanmış əsgər durur, binanın içərisində isə iki polis əməkdaşı oturur. Baş Prokurorluq binası yolun kənarında olsa da, partlayışla binaya böyük zərər yetirmək mümkün deyil. Bina hündür mərtəbəli, möhkəm və əsaslı tikildiyindən dəstə üzvlərində olan partlayıcı maddələrlə həmin binaya böyük zərər yetirmək mümkün olmayacaq. Daxili İşlər Nazirliyinin inzibati binası prokurorluğun aşağı hissəsində, Mərkəzi Univermaqla üzbəüz yerləşib. Binanın əsas girişində iki nəfər canlı bədənli, hündür boylu polis əməkdaşı durub. Binanın dörd tərəfindən silahlı əsgərlər olurlar. Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasında cəmi bir dəfə müşahidə aparmışam. Bina darvaza ilə əhatə olunub. Buna görə də MTN-nə silahlı hücum etməyi mənasız hesab etmişəm. Bu barədə də Vüqar Padarova bildirmişəm. Lakin Vüqar Padarov sözlərimə əhəmiyyət verməyib və kəşfiyyatı özü aparacağını, basqın planlarını özü hazırlayacağını bildirib".

"Cəmiyyətin mənəviyyatını korlayan bəzi incəsənət xadimlərinin, o cümlədən xalq artisti Aygün Kazımovanın fiziki məhvini planlaşdırırıq"

Elmir Nurəliyev qeyd edib ki, 2011-ci ilin sentyabrında Vüqar Padarovla birlikdə Əmir Muradovun idarə etdiyi avtomaşında növbəti dəfə Bakı şəhərinə gəlib və həmin vaxt Əmir Muradovun vasitəsilə Rauf Əfəndiyevlə tanış olublar: "Mənim və Əmir Muradovun iştirakı ilə keçirilən bu görüşdə Vüqar Padarov Rauf Əfəndiyevə Dağıstanda Rusiya federal qoşunlarına qarşı döyüşlərdə iştirak etdiyimizi bildirdi. Vüqar Padarov özünün Azərbaycanda "əmir" təyin edilərək dini müharibənin başlanmasının ona həvalə edildiyini bildirdi. Gizli yolla küllü miqdarda odlu silah, döyüş sursatlarını dövlət sərhədindən keçirməklə Azərbaycana gəlməkdə niyyətimiz terror və partlayışlar törətmək, o cümlədən Azərbaycanda yerləşən ziyarətgahların partladılmasını, MTN, DİN, Baş Prokurorluq və digər dövlət qurumlarına silahlı basqınların, 2012-ci ilin mayında Bakı şəhərində təşkil olunmuş "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində bir sıra terrorçuluq aksiyalarını həyata keçirmək niyyətimizi tam açıqladıq. Onu da qeyd etdik ki, cəmiyyətin mənəviyyatını korlayan bəzi incəsənət xadimlərinin, o cümlədən xalq artisti Aygün Kazımovanın fiziki məhvini də planlaşdırırıq. Lakin bu, ikinci dərəcəli məsələ olduğundan onun üzərində çox durmadıq. Sözlərimizi təsdiq etmək üçün Dağıstan ərazisində "əmir" "Saleh Qubdenski"nin iştirakı ilə çəkilmiş video-müraciəti Rauf Əfəndiyevə nümayiş etdirdik. Bundan sonra Vüqar Padarov Rauf Əfəndiyevə Azərbaycan ərazisində aparılacaq "cihad"da iştirak etməyi təklif etdi. Rauf Əfəndiyev bunun üçün Ağasadıq Əliyevlə məsləhətləşmək lazım olduğunu bildirdi. O, bizə Ağasadıq Əliyevlə görüşməyi təklif etdi. Həmin vaxt mən, Vüqar Padarov və Əmir Muradov Rauf Əfəndiyevin vasitəsilə Ağasadıq Əliyevlə görüşdük. Ağasadıq Əliyevə də Rauf Əfəndiyevə dediklərimizi təkrarlayaraq sözlərimizi bir daha təsdiq etmək üçün "əmir Saleh Qubdenski"nin iştirakı ilə çəkilmiş video-müraciəti nümayiş etdirdik. Sonra Vüqar Padarov Ağasadıq və Raufa rəhbərlik etdiyi qanunsuz silahlı birləşməyə daxil olmalarını təklif etdi. Ağasadıq Əliyevlə Rauf Əfəndiyev Vüqar Padarovun təklifini qəbul etdilər".

Terrorçu dəstə üzvlərinə maliyyə yardımı Türkiyədən gəlib...

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2011-ci ilin təxminən sentyabrında Vüqar Padarov onun yanında qruplaşmaya maliyyə yardımı göstərilməsi barədə audio-müraciət yazdığı telefon kartını Nəsrullah Yunusova verərək, Türkiyənin İstanbul şəhərinə göndərib: "Nəsrullah Yunusov İstanbul şəhərində "Abdulsəməd" ləqəbli şəxslə görüşüb və telefon yaddaş kartını ona verib. Bir neçə gündən sonra "Abdulsəməd" Nəsrullah Yunusova 5000 ABŞ dolları məbləğində pul vəsaitini və yaddaşında özünü "Qafqaz əmirliyi"nin "əmiri" olan Doku Umarov tərəfindən "Abubakir" ləqəbli şəxsin Azərbaycan üzrə "əmir" təyin edilməsi barədə audio-müraciət yazılmış telefon kartını verib. Nəsrullah Yunusov həmin pul və yaddaş kartını götürərək Zaqatala şəhərinə qayıdıb. O, növbəti gün mənimlə və Vüqar Padarovla görüşərək 5000 ABŞ dolları ilə telefon yaddaş kartını Vüqar Padarova təhvil verib".

Təqsirləndirilənin ifadəsindən belə məlum olub ki, Nəsrullah Yunusov Türkiyədən maliyyə yardımını gətirdikdən sonra Vüqar Padarov rəhbərlik etdiyi qanunsuz silahlı birləşmə üzvləri barədə "Abdulsəməd" ləqəbli şəxsə məlumat verib: "Vüqar Padarov "Abdulsəməd"ə məlumat verərək Azərbaycan üzrə "əmir" təyin edilmiş "Abubəkir" ləqəbli Asif Mirzəyevə tabe olacağımızı və sonuncunun rəhbərlik etdiyi qanunsuz silahlı birləşmə üzvlərinin Azərbaycana nə vaxt gələcəyi barədə telefonun yaddaş kartına növbəti audio-müraciəti yazdırıb. 2011-ci ilin təxminən oktyabrında Nəsrullah Yunusovun vasitəsilə həmin yazılmış audo-müraciəti Türkiyənin İstanbul şəhərində yaşayan "Abdulsəməd"ə göndərilib".

Rusiyaya gizli yollar

Təqsirləndirilən şəxsin sözlərinə görə, "Ömər" ləqəbli Rəşadət Ağayevin vasitəsi ilə Arif Həsənovla əlaqə saxlayıb və Arif Həsənov ona Dağıstandan Rusiya Federasiyasının vətəndaşı "Abdulmalik" ləqəbli Mail Mameyevin Azərbaycana gəldiyini, onunla görüşmək istədiyini bildirib: "2011-ci ilin oktyabrında Rəşadət Ağayevin vasitəsi ilə "20 Yanvar" metrostansiyasının yaxınlığında Arif Həsənov və Mail Mameyevlə görüşdüm. Mail Mameyev Azərbaycanla Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisində gizli yolları tapmağımı, bu barədə hər hansı bir məlumat olduqda Arif Həsənov vasitəsilə ona məlumat verməyimi xahiş etdi".

"ETTELAAT"dan dəstək

Elmir Nurəliyev bildirib ki, həmin ilin təxminən noyabrında Arif Həsənov onunla növbəti dəfə əlaqə saxlayıb və "Cəfər" ləqəbli qardaşın Azərbaycana qayıtdığını, onunla görüşmək istədiyini qeyd edib: "Bundan sonra Aydın Həsənovla metronun "20 Yanvar" stansiyasının yaxınlığında görüşdüm. Görüşdə Dağıstanda verdiyim tapşırıqlar və 70000 rubl məbləğində pul vəsaitinin hesabatını tələb etdim. Aydın Həsənovun həmin pulu götürəndən sonra tapşırıqları icra edə bilmədiyini və Pakistanda aparılan cihada getmədiyini güman etdiyimi bildirdim. Görüş zamanı Aydın Həsənov "Abubəkir" ləqəbli Asif Mirzəyev tərəfindən aldadılaraq İran İslam Respublikasına aparıldığını, İranın Tehran şəhərindəki hərbi bazada İran xüsusi xidmət orqanı olan "ETTELAAT"ın əməkdaşları tərəfindən təxminən 2011-ci ilin iyunundan oktyabr ayının əvvəllərinədək Azərbaycan vətəndaşları Nicat Aşurov, "Abubəkir" ləqəbli şəxs və onun qardaşları ilə birlikdə məxfi müşahidələrin aparılması, aşkarlanması, məxfi müşahidədən yayınma, tapança və avtomat silahlardan atəş açılması, partlayıcı qurğuların və maddələrin hazırlanması üzrə təlimlər keçdiklərini, İran xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən Azərbaycana qarşı məxfi əməkdaşlığa cəlb edilmələrini, təlimlər yekunlaşandan sonra hər birinə 1000 ABŞ dolları məbləğində pul vəsaitinin verilməsini bildirib. Lakin qruplaşmada bir nəfər azərbaycanlı həmin qruplaşma üzvlərinin məqsədləri ilə razı olmadığı halda İran xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sərbəst buraxılıb və qruplaşmanın rəhbəri təyin edilmiş "Abubəkir" ləqəbli şəxs qruplaşma üzvlərinə xüsusi göstəriş olanadək İran ərazisini tərk etməyə icazə verib. Bundan sonra Aydın Həsənov İranı tərk edib və bir müddət Rusiyanın Tümen şəhərində yaşayıb. Aydın Həsənov görüş zamanı həmçinin bildirib ki, İran xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən Azərbaycana qarşı məxfi əməkdaşlığa cəlb edilib, bu barədə ondan müvafiq öhdəlik qəbzi götürülsə də, İranı tərk etdikdən sonra bu istiqamətdə iranlıların tapşırıqlarını icra etmək niyyətində olmayıb. Aydın Həsənova Zaqatala şəhərinə getməyi, bu barədə Vüqar Padarova danışmağı təklif etdim".

Elmir Nurəliyev qeyd edib ki, Türkiyədə yaşayan "Abdulsəməd" ləqəbli şəxs ona və Vüqar Padarova "Abubəkir" ləqəbli Asif Mirzəyev barədə məlumat verib: "Lakin nə mən, nə də Vüqar Padarovun Asif Mirzəyevin İranda təlim keçməsi və bu ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları ilə əməkdaşlıq etməsi barədə məlumatımız olmayıb. Mən və Vüqar Padarov xüsusi xidmət orqanlarının əməkdaşları ilə belə əməkdaşlığın əleyhinə olmuşuq".

"İranlılarla məqsədlərimiz üst-üstə düşsə də..."

Təqsirləndirilən şəxsin sözlərinə görə, İlham Gülməmmədovla birlikdə Aydın Həsənovla "20 Yanvar" metrostansiyasının yaxınlığında görüşüblər: "Aydın Həsənov həmin görüşə "Abdulla" ləqəbli Rail Ağabəyovla gəlmişdi. Rail Ağabəyovun idarə etdiyi avtomaşınla Zaqatala şəhərinə getdik. Zaqatalada Vüqar Padarovun gizləndiyi evdə Aydın Həsənova mənə danışdığını Vüqar Padarovla İlham Gülməmmədova təkrarlamağı təklif etdim. Aydın Həsənov bunu etdikdə Vüqar Padarov mənim sözlərimi müdafiə etdi. Vüqar Padarov iranlılarla məqsədlərimiz üst-üstə düşsə də, İranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə əməkdaşlıq etməyinin əleyhinə olduğunu bildirdi. Mən və Vüqar Padarov ümumiyyətlə hər hansı bir dövlətin xüsusi xidmət orqanları ilə əlaqə saxlamağın əleyhinə olmuşuq. Vüqar Padarov bu fikirləri Aydın Həsənova bildirdi və tapşırdı ki, müvəqqəti olaraq birləşmə üzvləri ilə az ünsiyyətdə olsun. Vüqar Padarovun zənnincə, Aydın Həsənov Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının nəzarətinə düşə bilər".

Məhkəmə prosesi davam edir.

İnarə Rafiqqızı

O.M.