İlham Əliyevə sui-qəsd hazırlayan dəstə üzvlərinin etirafları - 2

İlham Əliyevə sui-qəsd hazırlayan dəstə üzvlərinin etirafları - 2

25 İyul 2013 15:20
Bəyəndim (0) Bəyənmədim (0)
İstintaq materialından: Onlar Aygün Kazımovanı öldürməyə, “Eurovision-2012”-nin finalında partlayış törətməyə, imkanlı şəxsləri oğurlamağa, Azərbaycanda dini cihada hazırlaşırdılar

(I hissəni oxumaq üçün buraya klik edin)

II hissə:

"Əl-Qaidə" beynəlxalq terror təşkilatının nümayəndələri tərəfindən qarşılandım"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmir Nurəliyev bildirib ki, 2001-ci ildən əhli-sünnə məzhəbi üzrə ibadət edib, "Əbu-Bəkir" məscidində camaat namazları qılıb: "Özümə "Mühəmməd" dini adını götürmüşəm. Dini savadımı artırmaq məqsədilə Suriya Ərəb Respublikasına getməyi planlaşdırmışdım. 2005-ci ildə internet vasitəsilə Paltalik sosial şəbəkəsinin dini bölməsində olan çat otaqlarında müxtəlif dini məsələlər üzrə apardığım fikir mübadiləsi nəticəsində Türkiyənin İstanbul şəhərində yaşayan Bilal və Məsud adlı şəxslərlə tanış oldum, həmin şəxslərlə tez-tez əlaqə qurmağa başladım. Suriyaya getməmişdən əvvəl Bilal və Məsud adlı şəxslərlə əlaqə saxladım. Onlara Suriyaya getməyim barədə məlumat verərək martın 26-da İstanbul şəhərinə getdim. Hər iki şəxsin əsl adını bilməmişəm, onlarla türk dilində danışmışam. Lakin dəqiq hansı millətdən olduqlarını bilməmişəm".

Elmir Nurəliyevin sözlərinə görə, görüş zamanı Bilal və Məsud adlı şəxslərin "Əl-Qaidə" beynəlxalq terror təşkilatının Pakistan, Əfqanıstan və Suriya üzrə nümayəndələri olduğunu bilib: "2005-ci ilin aprelin ortalarında həmin şəxslərin vasitəsilə Suriyanın Dəməşq şəhərinə getdim. Orada "Əl-Qaidə" beynəlxalq terrorçu təşkilatının digər nümayəndələri olan və özlərini Əli və Muhammədrəşid adları ilə tanıdan şəxslər tərəfindən qarşılandım. Yerli mədrəsələrdə "cihad"a hazırlaşmaq üçün dini və psixoloji təlimlər keçdim".

"İraqda koalisiyaya qarşı vuruşmaq istədim"

Elmir Nurəliyev daha sonra ifadəsində göstərib ki, Əli və Muhammədrəşid adlı şəxslərlə bir qədər söhbət edib: "Söhbət zamanı dini təhsil almaq və cihadda iştirak etmək istədiyimi bildirdim. Bundan sonra Dəməşq şəhərinin qədim hissəsində yerləşən tələbə yataqxanasına getdik. Onlar yataqxananın müdiri ilə danışaraq məni həmin yataqxanada yerləşdirdilər".

Elmir Nurəliyevin sözlərinə görə, təxminən səkkiz ay müddətində həmin yataqxanada yaşayıb və dini müharibəyə hazırlaşmaq məqsədilə dini, psixoloji təlimlər keçib: "Həmin müddətdə mütəmadi olaraq "Əl-Qaidə" beynəlxalq terror təşkilatının Suriyadan olan nümayəndələri Əli və Mühammədrəşid adlı şəxslərlə görüşmüşəm, dini mövzular ətrafında söhbətlər etmişəm və onları cihada hazır olduğuma əmin etmişəm. Dini və psixoloji təlimlər keçdikdən sonra Əli və Mühammədrəşid adlı şəxslər məni ilk öncə İraq ərazisinə göndərmək istədilər. Həmin ərazidə koalisiyaya qarşı vuruşmaq istədim. Lakin İraqda qızğın döyüşlər getdiyi üçün Pakistanda təlim keçmək qərarına gəldik. Pakistanda təlim keçəndən sonra Əfqanıstan İslam Respublikasına göndərilməyimi qərara aldılar".

Elmir Nurəliyevin sözlərinə görə, təlim başa çatdıqdan sonra İran İslam Respublikasının Zahidan şəhərinə gəlib: "İranda "Əl-Qaidə"nin "Taliban" hərəkatı ilə əlaqələndiricisi kimi fəaliyyət göstərən bəluc milliyyətindən olan Abdulla adlı şəxsin vasitəsilə Pakistan İslam Respublikasının Vəziristan əyalətinin Mirəli şəhərinə gəlmişəm. Mirəli şəhərində "Taliban" hərəkatının əmiri "molla Ömər" ləqəbli şəxsə tabe olmuşam".

E.Nurəliyevin ifadəsinə görə, "Taliban" hərəkatının "Qafqazlılar" adı ilə tanınan silahlı qruplaşmanın tərkibində fəaliyyət göstərib. İfadələrini davam etdirən Elmir Nurəliyev qeyd edib ki, 2008-ci ilin təxminən aprelində ailə problemlərini həll etmək məqsədilə Azərbaycana dönmək qərarına gəlib. O bildirib ki, daxil olduğu özbək silahlı qruplaşmasının rəhbəri "Əhməd" və "Abu-Yəhya" ləqəbli şəxsin icazəsi ilə Azərbaycana qayıdıb. Elmir Nurəliyev həmçinin qeyd edib ki, 2010-cu ilin avqustunda Azərbaycanda ailə problemlərini həll etdikdən sonra yenidən cihadda iştirak etmək üçün bu dəfə Əfqanıstana yox, Dağıstana getməyi qərara alıb. Onun ifadəsinə əsasən, Azərbaycana qayıdandan sonra bu məqsədlə Pakistan İslam Respublikasının Vəziristan vilayətində tanış olduğu, "Əl-Qaidə" beynəlxalq terror təşkilatının nümayəndəsi olan dağıstanlı Şamil adlı şəxslə internet vasitəsilə mütəmadi olaraq əlaqə saxlayıb: "Dağıstana getməyi qərara aldığım üçün Şamil adlı şəxsdən kömək istədim. Şamil mənimlə Mahaçqala şəhərinin əmiri arasında əlaqə yaratdı".

"Bizə müxtəlif bölgələrdə bir sıra təxribat-pozuculuq və terrorçuluq aksiyalarının törədilməsini tapşırdılar"

Elmir Nurəliyev ifadəsində Dağıstana getdiyini, orada Rusiya federal qoşunlarına qarşı vuruşduğunu geniş qeyd edib. O, həmçinin Dağıstanda bir çox mücahidlərlə tanış olduğunu da ifadə edib. Elmir Nurəliyev Dağıstanda olan terrorçu qruplaşmaların Azərbaycanda siyasi sabitliyi pozmaq, hakimiyyəti dəyişmək, dini dövlət qurmaq barədə də plan qurduqlarını ifadəsində bildirib.

Qeyd edib ki, Rusiya federal qoşunlarına qarşı döyüşən "Dağıstan cəbhəsinin əmiri" "Həsən" ləqəbli İsrafil Vəlicanov və "Saleh Qubdenski" ləqəbli İbrahimxəlil Davudov Azərbaycan ərazisində dini müharibə elan etmək və Azərbaycanda şəriət dövlətinin qurulması naminə silahlı qruplaşma yığmağa başlayıblar. Elmir Nurəliyevin sözlərinə görə, bu məqsədlə silahlı birləşmənin fəaliyyətində iştirak edən Azərbaycan vətəndaşları - "Busra" ləqəbli Vüqar Padarov, "Abu-Ubeydə" ləqəbli Samir Sanıyev onu bazaya çağırıblar və həmin bazada yığışan silahlı dəstələrin rəhbərlərinin iştirakı ilə keçirilən "şuraya" dəvət ediblər: "Həmin "şurada" mənə, Vüqar Padarov və Samir Sanıyevə Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən 2012-ci ilin mayında Bakı şəhərində təşkil olunmuş "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində bir sıra təxribat-pozuculuq və terrorçuluq aksiyalarının törədilməsini tapşırdılar. Bununla bağlı mənimlə Vüqar Padarova 5000 min ABŞ dolları məbləğində pul verdilər. Həmin vaxt Samir Sanıyevə nə qədər pul verildiyini bilməmişəm".

Elmir Nurəliyev qeyd edib ki, İsrafil Vəlicanovun əmirliyi vaxtında Azərbaycana göndərilən qruplaşmaya "əmir" kimi Samir Sanıyev təyin edilib: "Lakin "Saleh Qubdenski" ləqəbli İbrahimxəlil Davudov "əmir" təyin ediləndən sonra Azərbaycana göndərilən silahlı qruplaşmanın əmirini dəyişdirib və Samir Sanıyevin əvəzinə Vüqar Padarovu "əmir" təyin edib. Bundan sonra "Saleh Qubdenski" bizi həm silahlandırdı, həm də Azərbaycana keçirmək üçün çoxlu sayda döyüş sursatı və partlayıcı maddələrlə təchiz etdi".

"Bizə Eurovision 2012" zamanı dövlət rəhbərlərinə qarşı sui-qəsdlərin hazırlanması və həyata keçirilməsi, habelə digər rezonanslı cinayətlərin törədilməsi tapşırılıb"

Elmir Nurəliyev bildirib ki, Dağıstanda olarkən "Saleh Qubdenski" ona, Vüqar Padarova və Samir Sanıyevə Çeçenistan, İnquşetiya və Dağıstan ərazisində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin "əmirləri" ilə sıx əlaqəsi olan, onlara maddi yardım göstərən və Türkiyənin İstanbul şəhərində yaşayan "Abdulsəməd" ləqəbli şəxsin internet ünvanını verib və həmin şəxs vasitəsilə əlaqə saxlamaqlarını tapşırıb. Onun bildirdiyinə görə, Vüqar Padarova Azərbaycanın Rusiya ilə həmsərhəd ərazilərində, o cümlədən Zaqatala və Balakən rayonlarının dağlıq meşə massivlərində blindajlar qurulması, həmin blindajların silah-sursat, əsgəri ləvazimat və qida məhsulları ilə təchiz edilməsi, dövlət rəhbərlərinə qarşı sui-qəsdlərin hazırlanması və həyata keçirilməsi, habelə digər rezonanslı cinayətlərin törədilməsi tapşırılıb. Onun sözlərinə görə, Samir Sanıyevə də bu kimi cinayətlərin törədilməsi tapşırılıb: "Mənə silahlı qruplaşmaya yeni üzvlərin cəlb edilməsi, qanunsuz silahlı birləşmənin üzvlərini silahlandırmaq məqsədilə Gürcüstandan Azərbaycana, sonra Dağıstana odlu silah və döyüş sursatlarının keçirilməsi üçün gizli yolların axtarılması, Bakı şəhərində terror aksiyalarının keçirilməsi üçün müvafiq yerlərin tapılması, ətraf ərazilərin öyrənilməsi, habelə hüquq-mühafizə orqanlarının inzibati binalarına, o cümlədən onların əməkdaşlarına qarşı silahlı basqınların həyata keçirilməsi tapşırılıb".

"Bizim tərəfimizdən terror aktları, dövlət qulluqçularının qətlə yetirilməsi, partizan müharibəsinin aparılması planlaşdırılıb"

Azərbaycana gəlməkdə məqsədlərinin "cihad" etmək olduğunu vurğulayan Elmir Nurəliyev ölkədə dini dövlət yaradılanadək "cihadı" davam etdirəcəklərini, burada başlayan müharibənin metodlarının isə Dağıstanda və Çeçenistanda olduğu kimi olacağını göstərib: "Azərbaycan ərazisində bizim tərəfimizdən terror aktlarının, dövlət qulluqçularının qətlə yetirilməsi, dağ və meşə ərazilərində partizan müharibəsinin aparılmasının həyata keçirilməsi planlaşdırılıb".

Daha sonra Elmir Nurəliyev ifadəsində qeyd edib ki, Aydın Həsənov Dağıstanda gedən cihadda iştirak etmək istəyib: "Mən Aydın Həsənova tapşırıq verdim. Aydın Həsənov tapşırığı icra etməyi canfəşanlıqla öz üzərinə götürdü. Yolpulu kimi istifadə etmək üçün Aydın Həsənova 2 min rubl verdim. Həmin ərəfədə İsrafil Vəlicanovun tapşırığı ilə Azərbaycanda silahlı birləşmə yaratmaq, onları silah, döyüş sursatı, partlayıcı maddələr və əsgəri ləvazimatla təchiz etmək planlaşdırılıb. Azərbaycanda partlayışların törədilməsi, dini dövlətin yaradılması üçün pul vəsaitləri toplamaq məqsədilə Dağıstanın Xasavyurt şəhərinə getmişəm. İsrafil Vəlicanovun pul vəsaitlərinin verilməsi tələbi yazılmış bir ədəd kompüter yaddaş kartını əvvəllər tanımadığım ləzgi milliyyətindən olan şəxsə verdim. Həmin gün silahlı birləşmənin meşə massivində yerləşən bazasına qayıtmalı olduğum üçün tələb olunan pul vəsaitlərinin Aydın Həsənova çatdırılmasını həmin şəxsə tapşırdım. Bu məqsədlə Aydın Həsənovun mobil telefon nömrəsini həmin şəxsə verdim. 2010-cu ilin noyabrında Aydın Həsənov həmin ləzgi milliyyətindən olan şəxslə Bakı şəhərində görüşmüş və 7 min ABŞ dolları məbləğində pulu alaraq mənim yanıma, Dağıstana gəlmişdi".

(III hissəni oxumaq üçün buraya klik edin)

İnarə Rafiqqızı

O.M.