Nabrandakı faciədən sonra istirahət mərkəzlərinə yeni tələb

Nabrandakı faciədən sonra istirahət mərkəzlərinə yeni tələb

25 İyul 2013 12:39
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi "Hovuzlardan təhlükəsiz istifadə qaydaları" adlı sənəd hazırlayıb. Bu barədə Movqe.az-a ekskülziv olaraq açıqlamasında Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin müdiri Fikrət Məmmədov məlumat verib.

F. Məmmədov bildirib ki, bu sənəd bütün hotel və istirahət mərkəzlərində hovuzlara qoyulmuş tələb və standartları özündə əks etdirir: "Sənəddə hovuzlardan təhlükəsiz istifadə qaydalarında 9 yaşına qədər uşaqların valideyn olmadan hovuza girməsi qadağan olunur. Bundan əlavə hovuz olan bütün turizm obyetktlərindən tələb olunur ki, hovuzlar üçün xüsusi xilasedici və nəzarətçiləri olsun. Sənəd axşam saatlarında hovuzda çimməyi qadağan edir. Hovuzların kənarı işıqlandırma sistemi ilə təmin olunmalı, axşam saatlarında hovuzların ətrafında işıqlandırma təmin olunmalıdır. Bütün turizm obyektlərində hovuzların kənarına xəbərdarlıqedici və məlumatverici lövhələr quraşdırılmalıdır".

F. Məmmədovun sözlərinə görə, bu sənəd təkcə turizm obyektlərinin sahiblərinin deyil, turistlərin də üzərinə məsuliyyət qoyur. Belə ki, hovuzda çimən turist təhlükəsizlik qaydalarına riayət etmirsə, iki dəfə ona nəzarətçi tərəfindən xəbərdarlıq edilir. Üçüncü dəfə isə turistə ödədiyi məbləğ geri qaytarılmadan hovuzdan xaric edilir.

F. Məmmədov sənəd təsdiqləndikdən sonra bütün turizm obyektlərində hovuzlarda təhlükəsizlik qaydalarına əməl edilib-edilməməsini yoxlamaq üçün gizli reydlərin təşkil olunacağını söylədi. Onun sözlərinə görə, indiyədək hovuzlarda təhlükəsizlik qaydalarını özündə əks etdirən sənəd olmadığından yoxlamalar aparılmayıb: "Amma bu sənəd təsdiqləndikdən sonra məxfi reydlər təşkil ediləcək, tələblərə riayət etməyən turizm obyektləri ciddi cəzalandırılacaq".

F. Məmmədov sənədin yaxın günlərdə təsdiqlənəcəyini söylədi.

O.M.