
Sosial şəbəkələr etiraz edir: Nabran faciəsinə görə kim cavab verəcək?
İki gün əvvəl Nabranda baş vermiş faciə sosial şəbəkələrdə geniş etiraz dalğasına səbəb olub. Artıq Facebook-da "İmrana kömək edək" adlı qrup yaradılıb. Oxumeni.az xəbər verir ki, sosial şəbəkə istifadəçilərini qəzəbləndirən isə Nabran Holiday Village akvaparkında baş vermiş bu bədbəxt hadisədən sonra akvapark rəhbərliyinin məsələyə öz münasibətini bildirməməsidir. "Tam xəbəri olmayanlara ətraflı məlumat verib. Hovuzun içində insanlar ola-ola təmizləyici qurğu işə düşüb və 2 saniyənin içində uşağı aparıb. Hər nə qədər demək olarsa, xoşbəxtlikdən onu tez xilas etmək mümkün olub. Şikayətlərə baxmayaraq, cavabdeh şəxslər hələ də cəzalandırılmayıblar. İki yaşlı İmranın iki ayağı da kəsilib, yalnız birini bərpa etmək mümkün olub. Müalicə davam edir. Uşaq bu hadisədən sonra ayılanda ilk sualı "ayağım hanı?" olub" – deyə, Fəxriyyə Hüseynova adlı Facebook istifadəçisi yazır. "Bizim qohumlarımız orada idilər və hər şeyi görürdülər. Uşaq valideynləri ilə üzürdü. Bir saniyədən də az vaxtda nasos sistemi onu özünə çəkdi, sonra isə buraxdı. Lakin ayaqsız. Bundan sonra sistem uşağın kəsilmiş ayaqlarını da çölə atdı. Bütün bunlar cəmi bir neçə saniyəyə baş verdi. Hətta qan da yox idi, nasos hər şeyi çəkib aparmışdı" – Aygün Muradova adlı Facebook istifadəçisi yazır. Facebook-da yazan digər istifadəçi – Cəmilə Rzayeva istirahət zonalarında məsuliyyətsizlikdən şikayətlənir:"İnsan taleyinə bu qədər biganəlik olarmı? Nasos açıq qalıb – bu nə deməkdir axı? Bu insanları niyə məsuliyyətə cəlb etmirlər, axı onlar pula görə insanlıqlarını da itiriblər! Allah valideynlərinə səbr versin. Təsəvvür edirəm anasının vəziyyətini, heç özümə gələ bilmirəm, dəhşət!". Narka Aliyeva adı ilə Facebook-da qeydiyyatdan keçmiş şəxs hər bir insanın bu insidentlə bağlı narazılığını bildirməsinin zəruri olduğunu qeyd edir:"Bunu cəzasız qoymaq olmaz, çox inanıram ki, ictimai qınaq öz işini görəcək və bu akvaparkın rəhbərliyi məsuliyyətdən yaxa qurtara bilməyəcək! Bu informasiyanı hər kəslə paylaşın! Digər Facebook istifadəçisi, El L-va adlı qız isə hüquq-mühafizə orqanlarından şikayətlənir:"Yox, axı orada gərək 10 nəfər adam əlsiz-ayaqsız qalsın, ondan sonra orqanlar istintaqa, axtarışa başlasınlar. Arxayın cəmiyyətik biz. O təmizləyici qurğu heç lazım olanda işə düşmür, hovuzları çirkli saxlayırlar, təmizlənmirlər. İndi hansı "ağıllı" onu işə salıb? Şəkilə baxıram, ürəyim parçalanır – məsuliyyətdən qaçmaq əvəzinə heç olmazsa uşağın müalicəsini etsinlər!". Xatırladaq ki, Nabranda, "Nabran Holiday Village" adlı istirahət düşərgəsinin hovuzunu təmizləmək üçün nəzərdə tutulmuş sutəmizləyən nasos açıq qalıb. Nəticədə qurğunun yaxınlığında olan 2 yaşlı İmran Cəfərov sutəmizləyənin təzyiqi ilə borunun içinə çəkilib. Baş verən hadisə nəticəsində N.Cəfərovun həyatını xilas etmək mümkün olsa da, iki onurğa sümüyü sınıb. Eyni zamanda 2 yaşlı körpənin ayaqları tamamilə parçalanıb. İ.Cəfərov sağ ayağını tamamilə, sol ayağını isə topuqdan aşağı itirib.
O.M.