Qəbul imtahanlarında ilk dəfə helikopterdən istifadə ediləcək

Qəbul imtahanlarında ilk dəfə helikopterdən istifadə ediləcək

12 İyul 2013 13:41
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda bu il ali məktəblərə qəbul imtahanların keçirilməsi zamanı ilk dəfə helikopterlərdən istifadə ediləcək.

Apa-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədrinin müavini Namiq Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, helikopterlər vasitəsilə imtahan materiallarının vaxtında yerlərə çatdırılması təmin ediləcək.

N. Babayev qeyd edib ki, bu il də ali məktəblərə qəbul imtahanları bütün yerlərdə saat 11:00-da başlayacaq: "Bu il ilk dəfə olaraq, imtahanlar respublikanın 11 şəhərində - Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Ağcabədi, Şəki, Göyçay, Şirvan, Lənkəran, Mingəçevir, Qubada keçiriləcək. Paytaxtından yerlərdə keçiriləcək imtahanlarda materialların çatdırılması helikopterlər vasitəsilə həyata keçiriləcək".

TQDK sədrinin müavini qeyd edib ki, abituriyentlərin imtahan otaqlarında yerləşdirilməsi zamanı onların yaş qrupları nəzərə alınacaq. 18 yaşına kimi abituriyentlər eyni, 18-20 yaşlı abituriyentlər eyni, 20 yaşdan yuxarı abituriyentlər eyni otaqda yerləşdiriləcək.

O.M.