İlham Əliyevə sui-qəsd hazırlayan dəstə üzvlərinin etirafları - 1

İlham Əliyevə sui-qəsd hazırlayan dəstə üzvlərinin etirafları - 1

12 İyul 2013 00:53
Bəyəndim (0) Bəyənmədim (0)
İstintaq materialından: Onlar “Eurovision-2012”-nin finalında partlayış törətməyə, ölkə prezidentini öldürməyə, imkanlı şəxsləri oğurlamağa, Azərbaycanda dini cihada hazırlaşırdılar

Bakı Ağır Cinayətlər Məhkəməsi

Bakı Ağır Cinayətlər Məhkəməsində "Eurovision 2012" mahnı yarışması ərəfəsində Azərbaycan prezidentinə sui-qəsdə hazırlıqda, Milli Təhlükəsizlik Nazirliyinin polkovnikini öldürməkdə və digər ağır cinayətlərdə ittiham olunan Samir Sanıyev və onun rəhbərlik etdiyi 28 nəfərdən ibarət mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Samir Sanıyev, Elmir Nirəliyev, Faiq Sultanov, Əmir Muradov, Ağasadıq Əliyev, Nəriman Abbasoğlu, Aydın Həsənov, Arif Həsənov, Bəhruz Lələyev, Məcid Aşurov, Mehdi Padarov, Nəsrullah Yunusov, Rauf Əfəndiyev, Səxavət Xalıqov, Vüqar Qurbanov, Məhərrəm Kərimov, Həsən Səlimxanov, Vasif Ağabəyli, Yaşar Qurbanov, Elmir Həmidov, Məmməd Məmmədov, Ruslan Allahverdiyev, Faiq Süleymanov, Teymur Qaracayev, Urfan Umayev, Nahid Dadaşov, Fuad Qabulov, Rail Ağabəyli və Araz Alıyevin ittiham olunduğu cinayət işini əldə etmişik. Cinayət işi ictimai maraq doğurduğundan ittiham olunan şəxslərin ifadələrini ixtisarla oxucularımızın diqqətinə çatdırırıq.

""Eurovision-2012" ərəfəsində partlayışlar törətməyi tapşırıblar"

Cinayət Məcəlləsinin 30-a yaxın maddəsi ilə ittiham olunan dəstə başçısı Samir Sanıyev özünü qismən təqsirli bilib. O, ifadəsində qeyd edib ki, Dağıstan ərazisində fəaliyyət göstərən qanunsuz silahlı birləşmənin rəhbərləri - "Dağıstan cəbhəsinin əmiri" "Həsən" ləqəbli İsrafil Vəlicanov və "Saleh Qubdenski" ləqəbli İbrahimxəlil Davudov 2010-cu ildə Azərbaycan ərazisində müharibə ("cihad") adı altında hakimiyyətin zorla ələ keçirilməsi, dövlət quruluşunun zorla dini quruluşa dəyişdirilməsini elan ediblər: "Bu məqsədlə mənə, habelə həmin silahlı birləşmənin üzvləri olan "Busra" ləqəbli Vüqar Padarov və "Muhəmməd" ləqəbli Elmir Nurəliyevə Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən 2012-ci ilin mayında Bakı şəhərində təşkil olunmuş "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində partlayışlar törətməyi tapşırıblar. Bundan əlavə, İsrafil Vəlicanov və İbrahimxəlil Davudov bizi Çeçenistan, İnquşetiya və Dağıstan ərazisində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin "əmirləri" ilə sıx əlaqəsi olan və İstanbul şəhərində yaşayan "Abdulsəməd" ləqəbli şəxslə əlaqələndiriblər".

"Bizə Azərbaycan prezidentinə qarşı sui-qəsdin törədilməsi tapşırılıb"

Təqsirləndirilən şəxs ifadəsində həmçinin qeyd edib ki, tapşırığa əsasən Vüqar Padarov Azərbaycan üzrə "əmir" təyin edilib və əməliyyata ümumi rəhbərlik ona tapşırılıb. Bundan əlavə, Vüqar Padarova Azərbaycan və Rusiya ilə həmsərhəd ərazilərdə, o cümlədən Zaqatala və Balakən rayonlarının dağlıq meşə massivlərində blindajların qurulması, onların silah-sursat və qida məhsulları ilə təchiz edilməsi həvalə olunub: "Plana əsasən, bizə Azərbaycan prezidentinə qarşı sui-qəsdin törədilməsi, habelə digər səs-küylü cinayətin törədilməsi tapşırılıb". Dəstə başçısının ifadəsinə görə, Azərbaycan ərazisində dislokasiya olunmuş hərbi hissələrin, xüsusilə də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yerləşən hərbi hissələrin dəqiq yeri, nömrəsi, say və texnika tərkibi öyrənilib. Eyni zamanda dəstə üzvlərinə Bakı şəhərində və digər iri şəhərlərdə müxtəlif yerlərdə terror-təxribat aksiyalarının həyata keçirilməsi tapşırılıb: "Dəstə üzvü Elmir Nurəliyevə silahlı birləşməyə yeni üzvlərin cəlb edilməsi, qanunsuz silahlı birləşmənin üzvlərini silahlandırmaq məqsədilə Gürcüstandan Azərbaycana və Dağıstana odlu silahların keçirilməsi üçün gizli yolların axtarılması tapşırılıb".

"Terror planını həyata keçirmək üçün 50 min dollar almışam"

Dəstə başçısı qeyd edib ki, Bakı şəhərində terror aksiyası keçirilməsi üçün müvafiq yerlərin tapılması və ətraf yerlərin öyrənilməsi, habelə hüquq-mühafizə orqanlarının inzibati binalarına, o cümlədən onların əməkdaşlarına qarşı silahlı basqınların həyata keçirilməsi tapşırılıb: "Göstərilən tapşırıqların həyata keçirilməsi məqsədilə "Həsən" ləqəbli İsrafil Vəlicanov 2010-cu ildə mənə 50 min ABŞ doları, "Saleh Qubdenski" ləqəbli İbrahimxəlil Davudov isə Vüqar Padarovla Elmir Nurəliyevin hər birinə 5 min ABŞ dolları məbləğində pul vəsaiti verib".

"Yaxın vaxtlarda "cihad"ın Azərbaycanda başlanacağını dedim"

Dəstə başçısı ifadəsində göstərib ki, 2010-cu ilin noyabrında Samir adlı şəxsin vasitəsilə Azərbaycan vətəndaşı "Muxtar" ləqəbli Məhərrəm Kərimovu Dağıstanın Mahaçqala şəhərinə dəvət edib: "Dağıstanda Məhərrəm Kərimovla görüşdüm. Məxfiliyi qorumaq məqsədilə özümü "Əli" adı ilə təqdim edərək tanış oldum. Bundan sonra Məhərrəm Kərimova özümün Azərbaycandan olduğumu, yaxın vaxtlarda "cihadın" Azərbaycan ərazisində başlanacağını bildirdim. Ona dedim ki, Azərbaycan "mücahidlərinə" rəhbər təyin edilmişəm, bu "cihad"da iştirak etmək üçün Azərbaycana qayıdacağam. Azərbaycan ərazisində fəaliyyət göstərəcək qanunsuz silahlı birləşmənin tərkibinə daxil olmaq üçün Məhərrəm Kərimova "beyət" etməyi təklif etdim. Həmin vaxt Məhərrəm Kərimov "beyət" edərək rəhbərlik etdiyim qanunsuz silahlı birləşməyə daxil oldu. Məhərrəm Kərimova Milli Təhlükəsizlik, Daxili İşlər Nazirlikləri, Baş Prokurorluq və digər dövlət qurumlarının əməkdaşlarına qarşı silahlı basqınlar etməyi planlaşdırdığımızı bildirdim".

Daha sonra dəstə başçısı ona verilmiş 50 min ABŞ dolları məbləğində pul vəsaitindən 12 min ABŞ dolları məbləğində pulu Məhərrəm Kərimova verdiyini deyib. Onun sözlərinə görə, həmin pul vəsaitinə təcili olaraq "Nuissan Pathfinder" markalı "az 10-SH-015" dövlət qeydiyyat nişanlı avtomaşın əldə etməyi Məhərrəm Kərimova tapşırıb.

Onun ifadəsinə görə, 8 iyun 2011-ci ildə qanunsuz silahlı birləşmənin rəhbərlərindən olan "Busra" ləqəbli Vüqar Padarov və "Muhəmməd" ləqəbli Elmir Nurəliyevlə birlikdə Dağıstanın İzberbaş şəhərindən dövlət sərhədini qanunsuz keçməklə Şabran rayonunun Yenikənd kəndinin Xəzər dənizi sahilinə gəliblər. Samir Sanıyev qeyd edib ki, üç ədəd "Kalaşnikov" markalı avtomat, üç ədəd "Makarov" markalı tapança, həmin silahlara aid külli miqdarda patron və sandıqçalar, çoxlu sayda əl qumbaraları, partlayıcı maddələr, radiodalğaların qəbuledici qurğusu, "Kenwood" markalı ratsiya və sair əşyaları qaçaq yolla Rusiyadan Azərbaycana gətiriblər: "Şabran rayonundan yolüstü sərnişin mikroavtobusu ilə Sumqayıt şəhərinə gəldik. Sumqayıtda Elmir Nurəliyev silahlı birləşmənin üzvü "Ömər" ləqəbli Rəşadət Ağayev ilə əlaqə saxlayaraq görüşdü. Elmir Nurəliyev Rəşadət Ağayevi bizimlə tanış etdi. Ona Azərbaycanda "cihad" etmək barədə fikirlərimizi bildirdik. Rusiyadan silah-sursat gətirdiyimizi qeyd etdik. Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkarlanmamağımız üçün odlu silah və döyüş sursatlarımızı Sumqayıt şəhərindən Bakı və Zaqatala şəhərlərinə aparmağa köməklik göstərməyi xahiş etdik".

Bankın imkanlı şəxslərinə silahlı basqın planı...

Təqsirləndirilən şəxs daha sonra ifadəsində qeyd edib ki, həmin ərəfədə qanunsuz silahlı birləşmənin üzvlərini oldu silah və döyüş sursatı, hərbi ləvazimatlarla təchiz etmək məqsədilə bir sıra imkanlı şəxslərə qarşı silahlı basqın planları hazırlayıblar. Onun sözlərinə görə, dəstə üzvü Həsən Səlimxanova "Dəmir Bank"ın Sabunçu filialının müdiri Həmzə adlı şəxsi və filialın digər əməkdaşlarını izləmək tapşırığını verib. Həmin tapşırığa əsasən Həsən Səlimxanov filial müdirini izləyərək müdir və mühafizəçilərin işə gəlib-getmə vaxtı, müdirin təkbaşına bankın qapılarını bağlayaraq idarə etdiyi "Toyota Camry" markalı avtomaşınla evinə getməyini öyrənib və bu barədə Samir Sanıyevi məlumatlandırıb.

Həsən Səlimxanov basqından sonra filial müdirini gizlətmək üçün yer axtarıb və onun məsləhəti ilə Bakı şəhərinin Əhmədli qəsəbəsində icarəyə verilən qarajların sahiblərinin telefon nömrələrini qeyd kitabçasına yazıb.

Daha sonra təqsirləndirilən şəxs deyib ki, "Laçın" Univermağının arxa hissəsində yerləşən binalardan birini kirayələyiblər. Həmin evdə partlayıcı maddələri hazırlayıblar. Onun tapşırığı ilə dəstə üzvü Vüqar Qurbanov mənzildə hazırladıqları ikinci vedrədə olan partlayıcı qurğunu Araz Alıyevə məxsus avtomaşında Nizami rayonunun Keşlə qəsəbəsindəki məscidin yaxınlığına gətirib və ona verib.

"Eurovision-2012" mahnı müsabiqəsi konsert zalında partlayış planı

Plana əsasən, 2012-ci ilin mayında Bakı şəhərində təşkil olunmuş "Eurovision-2012" mahnı müsabiqəsi zamanı tüstü şaşkasını Timur Hüseynov konsert zalına keçirərək binanın daxilində şüşə stəkan və ya saxsı qırıqları ilə doldurmalı, konsert vaxtı qəzeti uyğun yerə qoyaraq partlayışlar törətməli imiş.

Samir Sanıyevin ifadəsinə görə, şüşə qırıntılarını ətrafa yayaraq insanlara xəsarət yetirməklə çaxnaşma yaratmalı idi. Onun bildirdiyinə görə, qəzetin konsert zalına keçirilməsi təhlükəsizlik xidmətində şübhə yaratmayacaqdı. Qəzetin tərkibində metal tərkibi olmadığından yoxlama zamanı onun partlayıcı maddə kimi istifadə edilə biləcəyinə dair şübhə yaranmamalı idi. Konsert zalında vahimə yaratdıqdan sonra hamı bayıra çıxanda Bayraq meydanında da içərisində partlayıcı qurğular yerləşdirilmiş vedrənin partladılması nəzərdə tutulurdu.

Bu planın həyata keçirilməsi üçün Samir Sanıyev Timur Hüseynova "Eurovision-2012" yarışmasının finalına bilet axtarıb. Lakin 2012-ci ilin aprel ayında Gəncə şəhərində Vüqar Padarovun öldürülməsi və onun dəstəsinin MTN tərəfindən tutulması, habelə 2012-ci ilin mayın əvvəllərində dəstə üzvləri Səxavət Xalıqov, Həsən Səlimxanov və digərlərinin MTN tərəfindən həbs edilməsi, mayın 16-da Timur Hüseynovun atışma zamanı öldürülməsi səbəbindən "Eurovision-2012" mahnı müsabiqəsinin konsert zalının və zalın ətrafında partlayışların törədilməsi planlarını həyata keçirə bilməyiblər.

"Samir Sanıyevin Azərbaycandakı müsəlmanların əmiri olduğunu bildirdi"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Urfan Umayev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində göstərib ki, təxminən 2010-cu ildən islam dini üzrə ibadət edir və "Abdullah" ləqəbini götürüb: "İbadətlə məşğul olduğuma görə 2010-cu ildə Abşeron rayonunun Qala kəndindəki məsciddə Timur Hüseynovla tanış olmuşam. Təxminən 2011-ci ilin noyabrında Timur Hüseynov vasitəsilə usta kimi tanıdığım Vüqar Qurbanovla tanış olmuşam. Vüqar Qurbanov da məni Həsən Səlimxanovla tanış edib. 2011-ci ilin təxminən dekabrında Bakı şəhərində olarkən Vüqar Qurbanov mobil telefonuma zəng etdi, evimə gəlmək istədiyini, yanında da bir nəfər olduğunu dedi. Mən də etiraz etmədim. Vüqar Qurbanov yaşadığım Bakı şəhəri, Böyük Şor qəsəbəsi ev 208 ünvanda yerləşən evimə gəldi. Vüqarın yanında bir nəfər şəxs də vardı. Vüqar Qurbanov həmin şəxsi mənə "Mehman" kimi təqdim etdi. Sonradan həmin şəxsin Samir Sanıyev olduğunu bildim. Bir ara Vüqar Qurbanov Samir Sanıyevi "Əli" adı ilə çağırdı. Vüqar Qurbanov Samir Sanıyevin Azərbaycandakı müsəlmanların əmiri olduğunu bildirdi. Biz dini mövzularda, namaz, oruc, həcc və cihadla bağlı danışıqlar aparmışıq. Söhbət əsnasında Samir Sanıyev özünün Dağıstanda yaşayan müsəlmanlar arasında qazi olduğunu mənə bildirdi. Vüqar Qurbanov da Samir Sanıyevin dini məsələlər üzrə mütəxəssis olduğunu dedi".

"Belə hərəkətlərin dinə uyğun olmadığını dedim"

Təqsirləndirilən şəxs daha sonra ifadəsində qeyd edib ki, Samir Sanıyevin qanunsuz silahlı birləşmənin tərkibində vuruşduğunu bilməyib: "Sonrakı görüşlərimizdə Samir Sanıyev mənə pul vəsaiti əldə etmək məqsədilə Bakı şəhərində imkanlı şəxslərə qarşı oğurluq etmək barədə münasibətimi soruşdu. Samirə bu münasibətin çox pis olduğunu, belə hərəkətlərin dinə uyğun olmadığını söylədim. Samir Sanıyevə oğurluq edənlərlə bir camaatda yaşaya bilməyəcəyimi bildirdim. Bu söhbət Bakı şəhərinin Keşlə qəbiristanlığında olub. Məni həmin görüşə Timur Hüseynov aparıb. Həmin vaxt Samir Sanıyevə öz fikirlərimi çatdırdım və onunla mübahisə etdim".

(Yazının ardını - II hissəni oxumaq üçün buraya klik edin)

İnarə Rafiqqızı

O.M.