Azərbaycan jurnalistlərinin VI qurultayı keçirilir

Azərbaycan jurnalistlərinin VI qurultayı keçirilir

11 İyul 2013 11:06
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin VI qurultayı işə başlayıb.

Jurnalistlərin VI qurultayının iştirakçıları ilk öncə Fəxri Xiyabanda Heydər Əliyevin və Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarını ziyarət ediblər. Qeyd edək ki, qurultayda Sədarət, Katiblik, Say və Mandat komissiyaları yaradılacaq, reqlament və gündəlik təsdiqlənəcək, Mətbuat Şurası sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatı dinləniləcək, məruzə və hesabat ətrafında müzakirələr aparılacaq. Daha sonra Mətbuat Şurası Nizamnaməsinə və "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"na əlavə və dəyişikliklərin edilməsi müzakirəyə çıxarılacaq. Daha sonra İdarə Heyəti, NTK-nın yeni tərkibi və Mətbuat Şurasının sədri seçiləcək, qurultayın yekun sənədləri qəbul olunacaq.

Qurultayda Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına (AJPDQ) və Mətbuat Şurasının Nizamnaməsinə dəyişiklik nəzərdə tutulur. AJPDQ-ya dəyişikliklər Mətbuat Şurasının və ATƏT-in Bakı ofisinin 2010-2011-ci illərdə həyata keçirdiyi birgə layihə çərçivəsində aparılıb. Ali məclis nümayəndələrinə AJPDQ-nın əvvəlki və hazırkı variantı müqayisəli şəkildə təqdim olunacaq. Mətbuat Şurasının Nizamnaməsinə dəyişikliyə gəlincə, burada söhbət Şuranın İdarə Heyətinin tərkibinin genişləndirilməsindən gedir. Qərara alınıb ki, Şuranın İdarə Heyətinin qurultay tərəfindən seçilən 17 həqiqi və 5 ehtiyat üzvdən ibarət olması üçün ali məclis təmsilçilərinin rəyi öyrənilsin. Bu zaman həqiqi üzvlərin 8-i mətbu nəşrləri, 3-ü internet xəbər portallarını, 6-sı ictimaiyyəti təmsil edəcək. Ehtiyat üzvlərdən 2-si mətbu nəşrlərdən, 1-i internet xəbər portallarından, 2-si ictimaiyyətdən olacaq. Bütün bunların ətraflı izahla birgə ayrıca bülletendə yer alması qərarlaşdırılıb.


İclasda müzakirəyə çıxarılan növbəti məsələ iyunun 15-dən, yəni Mətbuat Şurasının İdarə Heyətinin qurultay qərarı verdiyi toplantısından sonra ali məclisə hazırlıq istiqamətində görülən işlərin nəzərdən keçirilməsi olub. Məlumat verilib ki, indiyədək Mətbuat Şurasına üzv qurumlara qurultayla bağlı müraciət ünvanlanıb. Onlar qurultayda iştirak üçün nümayəndələrini, eləcə də adı ali məclisin yekun səsvermə bülleteninə daxil edilmək üçün olan namizədlərini müəyyənləşdiriblər. İclasda həmin namizədlərdən ən çox səs toplayanlar üç kateqoriya üzrə qruplaşdırılıb - jurnalistlər, ictimaiyyət nümayəndələri və internet xəbər portallarının təmsilçiləri. Bülletenə 24 jurnalistin, 18 ictimaiyyət nümayəndəsinin və internet mediadan 9 namizədin adı daxil edilib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov ali tədbiri açıq elan etdikdən sonra qurultayın mandat və say komissiyası, həmçinin komissiyaların tərkibi seçilib. Katiblik yaranıb və tərkibi müəyyənləşib. Daha sonra Rəyasət Heyətinin üzvləri seçilib. Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin tam olaraq Rəyasət Heyətinin üzvləri seçilməsi barədə qərara alınıb.

Tədbirin davamında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov prezident ilham Əliyevin Azərbaycan jurnalistlərinin VI qurultayına ünvanlanmış təbrik məktubunu oxuyub.Qurultayın gündəliyinə əsasən tədbirin davamında Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan jurnalistlərinin V qurultayından keçən müddət ərzində əldə olunan nailiyyətlər, mövcud problemlər və onların həlli yollarına dair hesabat məruzəsi ilə çıxış edib.Qurultay hazırda davam edir.

O.M.