“Xilaskar əsgər” Rusiyada vəfat etdi

“Xilaskar əsgər” Rusiyada vəfat etdi

2 İyul 2013 22:59
Bəyəndim (0) Bəyənmədim (0)
Qucağında qız olan məşhur heykəlin prototipi 87 yaşında dünyasını dəyişdi

Qucağında körpə qız olan "Xilaskar əsgər" heykəli dünyada məşhurdur. Sovet əsgərinin II dünya müharibəsində qəhrəmanlığını, insanpərvərliyini simvolizə edən bu monumentin qəhrəmanını indiyədək çoxları tanımırdı. İnsanlara elə gəlirdi ki, heykəldə əks olunan hərbçi naməlum əsgərdir. Heç təsadüfi deyil ki, bu heykəlin adı bir çox mənbələrdə "Naməlum xilaskar əsgər" kimi qeyd olunur. Lakin həqiqətdə bu belə deyil. Sən demə, "Xilaskar əsgər" heykəlinin prototipi həqiqətən müharibə veteranıdır və indiyədək Rusiyanın Tambov vilayətində yaşayırdı.

İnterfax-ın məlumatına görə, bu gün Rusiyanın Tombov vilayətində "Naməlum xilaskar əsgər" və "Qalib veteran" heykəllərində siması canlandırılmış veteran vəfat edib. Çoxlarının naməlum əsgər zənn etdiyi "Xilaskar əsgər" monumentinin qəhrəmanı İvan Odarçenko ömrünün 87-ci ilində gözlərini əbədiyyən yumub. O, Macarıstan, Avstriya və Çexiyanın azad olunmasında sıravi əsgər kimi iştirak edib və müharibədən bir neçə il sonraya qədər SSRİ qoşunlarının tərkibində Almaniyada hərbi xidmətdə olub.

1947-ci ildə İ.Odarçenko heykəltəraş Yevgeniy Vuçetiçlə görüşüb və məhz bu görüşdən sonra məşhur "Xilaskar əsgər" heykəli yaranıb. Monument ilk dəfə 1949-cu ildə Berlinin Treptov parkında nümayiş etdirilib. Bu hadisədən 60 il sonra, 2009-cu ildə Tambovda Odarçenkonun siması ilə növbəti heykəl "Qalib veteran" heykəlinin açılışı olub.

O.M.