Rusiyada yekəqarın məmurlar işdən qovulacaq!

Rusiyada yekəqarın məmurlar işdən qovulacaq!

3 İyun 2013 23:13
Bəyəndim (0) Bəyənmədim (0)
Penza qubernatoru bu gün bir neçə nazirə təcili arıqlamaq haqda sonuncu xəbərdarlığını etdi

Rusiya Federasiyası Penza vilayətinin qubernatoru Vasili Boçkaryov növbəti dəfə hamını təəccübləndirən, eyni zamanda yerli əhalinin razılığına səbəb olan qərar verib. News.ru-nun məlumatına görə, hökumətin bugünkü iclasında o, bir neçə nazirə sonuncu xəbərdarlığını edib.

Penzanın Səhiyyə naziri Vladimir Stryuçkova həddən artıq kök olması irad tutulub. Ona yarım ilə ən azı 16 kq arıqlamaqla əhaliyə nümunə olmaq tapşırılıb. Əks halda, nazirə mövcud kabinetdə yeri olmayacağı elan edilib. Daha sonra qubernator Meşə və ovçuluq təsərrüfatı naziri Nikolay Arqatkinə, eyni zamanda Vilayət idman komitəsinin sədr müavini Vladimir Juçkova analoji səbəblə irad tutub. "İki ay vaxtınız var, çəki atmadın, qaydaya düşmədin, hökumətdən getməlisən. İdman komitəsində işləyən adam necə yekəqarın ola bilər?" - deyə qubernator yerli məmurlara irad tutub. Maraqlıdır ki, nazirlər kabinetinin bugünkü operativ toplantısında onun iradlarına etiraz edən olmayıb.

Xatırladaq ki, Penza qubernatoru ötən ilin yayında yerli məmurların dövrü surətdə idmandan imtahan vermələri təklifi ilə çıxış edib. 2011-ci ilin baharında isə Boçkaryov şəhər və rayon rəhbərlərinə xidməti maşınlardan imtina edərək motorollerlərə əyləşməyi təklif edib. Hər iki halda onun təklifləri Rusiya Federasiyasının qanunları ilə təsdiqini tapmadığı üçün qüvvəyə minməyib. Bununla belə, qubernatorun təkidi ilə yerli məmurlar kompüteri mənimsəyib, mobil telefondan imtina ediblər, həmçinin KİV-lərlə əməkdaşlığa başlayıblar. Qubernatorun digər tapşırığına əsasən, üç ildir məmurlar kimsəsiz uşaqları himayəyə alıblar, eyni zamanda yerli qadınlar arasında vaxtaşırı çoxuşaqlılığın faydası haqda təbliğat aparırlar.

O.M.