Azərbaycan gömrükçüləri Ermənistan mənşəli spirtli içkilər və tütün məmulatlarının ölkəyə gətirilməsinin qarşısını alıb
Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları Gürcüstan və Rusiya istiqamətindən Azərbaycana gətirilməsinə cəhd göstərilən xeyli miqdarda Ermənistan mənşəli konyak, araq, siqaret və qəhvə məmulatlarını aşkar ediblər.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, DGK-nin Mərkəzi Gömrük Ekspertizası İdarəsində müasir avadanlıqlardan istifadə edilməklə aparılmış laborator müayinəsi nəticəsində tədqiqata təqdim olunmuş, istehsalı texnoloji qaydaların pozulması ilə həyata keçirilmiş bu məhsulların saxta, istehlak üçün yararsız, tərkibində insan orqanizmi üçün təhlükəli və hətta zəhərli maddələrin olması müəyyənləşdirilib.
Xatırladaq ki, gömrük orqanları tərəfindən istehlakçıların hüquqlarının və mənafeyinin müdafiəsi məqsədilə onların sağlamlığı üçün ciddi təhlükə doğuran bu cür məhsullar mütəmadi olaraq məhv edilir: "Dövlət Gömrük Komitəsi bir daha xəbərdarlıq edir ki, həcmindən asılı olmayaraq bu cür məhsulların ölkəyə gətirilməsi yolverilməzdir və bunun qarşısı qətiyyətlə alınacaq".
O.M.





























































































