
BDU-da dekanlığa namizədlərin sənəd qəbulu başa çatıb
Təhsil Nazirliyinin "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydalarının təsdiqi barədə" 400 saylı 09 mart 2011-ci il tarixli əmrinə əsasən Bakı Dövlət Universiteti (BDU) tərəfindən boş dekan vəzifələrini tutmaq üçün elan edilmiş müsabiqəyə sənəd qəbulu başa çatıb. Müsabiqədə BDU-nun 17 fakültəsindən 15-i - Mexanika-riyaziyyat, Fizika, Kimya, Biologiya, Geologiya, Coğrafiya, Ekologiya və torpaqşünaslıq, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq, Hüquq, Filologiya, Tarix, Şərqşünaslıq, Sosial elmlər və psixologiya, Kitabxanaçılıq-informasiya, İlahiyyat fakültələri iştirak edir. Təqdim olunmuş sənədlər BDU Elmi Şurasının 5 aprel 2011-ci il tarixli iclasının qərarını rəhbər tutaraq dekan və kafedra müdiri vəzifələrinə təyinolunmanın şəffaf və obyektiv aparılmasını təmin etmək məqsədilə yaradılmış komissiya tərəfindən araşdırılır. 15 nəfərlik komissiyanın sədri tanınmış alim, akademik Vasim Məmmədəliyevdir. Komissiya dekan vəzifəsinə iddiaçılar haqqında fakültənin tərkibində olan bütün kafedraların rəyini nəzərə almalıdır. Sonra iddiaçılarla fərdi müsahibə aparılmalı, onların idarəetmə sahəsində bacarıq və qabiliyyətlərini, peşə hazırlığını, elmi-pedaqoji fəaliyyətini, kollektiv arasında nüfuzunu müəyyənləşdirmək üçün anket sorğuları keçirilməli, ekspertlər və kafedraların rəyləri araşdırılmalı, komissiya iclasında müzakirə edilməlidir. Hər bir iddiaçı barədə araşdırmaların nəticələri səs çoxluğu ilə qiymətləndirilməli və elan edilməlidir. Onların həmin vəzifəyə təyin olunub-olunmamağının məqsədəuyğunluğu barədə rektorluğa təqdimat veriləcək. Universitetdən bildiriblər ki, ötən illərdə keçirilmiş seçkilərdən fərqli olaraq bu dəfə hər fakültədə ən azı 3 nəfər, bəzi fakültələrdə isə 8 nəfər dekan yerini tutmaq üçün sənəd verib. Digər iki fakültənin - Jurnalistika, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanlarının səlahiyyət müddətləri başa çatdıqdan sonra həmin fakültələrdə də müsabiqə elan ediləcək. Növbəti mərhələdə isə kafedra müdiri vəzifəsini tutmaq üçün də müsabiqə elan olunacaq.
Nədənsə həmişə bu tip müsabiqələrdə heç bir rəhbər məğlub olmur və öz vəzifəsində qalır. İnanmaq istərdik ki, bu, yalnız təcrübənin zənginliyi ilə əlaqədardır...
Tofiq Əliyev
O.M.