Pakistanda məktəbin damının uçması nəticəsində azı 27 şagird və bir müəllim həlak olub

Pakistanda məktəbin damının uçması nəticəsində azı 27 şagird və bir müəllim həlak olub

15:21
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistanda, Peşəvər şəhərində cümə axşamı məktəbin damı uçub. Nəticədə azı 28 nəfər həlak olub.

Oxuməni.az xəbər verir ki, Peşəvərdəki Ledi Rədinq xəstəxanasının mətbuat katibi Məhəmməd Asim BBC-yə bildirib ki, ölənlər arasında 27 şagird və bir müəllim var.

Asimin sözlərinə görə, daha 19 nəfər xəsarət alıb, onlardan beşinin vəziyyəti ağırdır.

Həlak olan və xəsarət alan uşaqların hamısının yaşı 6–12 arasındadır. Onların əksəriyyəti başından xəsarət alıb.

Xilasedicilər dağıntılar altında başqa uşaqların da qala biləcəyini ehtimal edirlər. Peşəvər şəhər polisinin rəisi Mian Səidin sözlərinə görə, hadisə zamanı məktəbdə 110 şagird olub.

Faciə Hayber-Paxtunxva əyalətinin paytaxtı Peşəvərin şimalında, Dir-Koloni rayonunda yerləşən özəl “Əl-Xeyr Təhsil Mərkəzi” məktəbində baş verib.

Xilasetmə xidmətinin nümayəndəsi jurnalistlərə bildirib ki, məktəbin üçüncü mərtəbəsinin damı uçaraq ikinci və üçüncü mərtəbələr arasındakı örtüyün üzərinə düşüb. Nəticədə hər iki konstruksiya birlikdə uçaraq sinif otaqlarındakı şagirdlərin üzərinə çöküb.

Uçqunun səbəbləri hələlik rəsmi şəkildə müəyyən edilməyib. Lakin polis rəisi Səid jurnalistlərə bildirib ki, onun əldə etdiyi məlumata görə, hadisəyə binanın konstruksiyasının möhkəm olmaması səbəb olub.

Hayber-Paxtunxva əyalətinin qubernatoru Feysal Kərim Kundi əyalət üzrə bütün məktəb binalarının yoxlanılmasını tapşırıb.

Pakistanın Baş naziri Şahbaz Şərif həlak olanların yaxınlarına və xəsarət alanlara başsağlığı verib. Prezident Asif Əli Zərdarinin ofisi isə X sosial şəbəkəsində yaydığı bəyanatda faciənin bütün ölkəni sarsıtdığını bildirib və dövlət başçısının həlak olan uşaqların ailələrinə dərin hüznlə başsağlığı verdiyini qeyd edib.

Almaz Həsənli