Amur Qaz-Kimya Kompleksində yanğın baş verib

Amur Qaz-Kimya Kompleksində yanğın baş verib

16:12
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiyanın istismara verilməyə hazırlaşan Amur Qaz-Kimya Kompleksində yanğın baş verib. Oxuməni.az xəbər verir ki, bu barədə müəssisənin mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.

Nəşrdə deyilir: "Təhlükəsizliyin təmin edilməsi və mümkün zərərin minimuma endirilməsi məqsədilə müəssisə əməkdaşları tərəfindən sazlama işləri aparılan avadanlıqların dayandırılması üzrə əməliyyatlar həyata keçirilir".

Qeyd olunub ki, fövqəladə hadisənin aradan qaldırılmasında iştirak etməyən əməkdaşlar müəssisənin ərazisindən kənara çıxarılır, hadisə yerinə operativ xidmət mütəxəssisləri çağırılıb. Müəssisəyə yaxın ərazilərdə yaşayan sakinlər üçün heç bir təhlükə yoxdur.

Daha sonra zavodun nümayəndələri yanğın nəticəsində xəsarət alanların olduğunu bildiriblər. Belə ki, Svobodnı şəhərinin xəstəxanalarına, o cümlədən podratçı təşkilatların əməkdaşları olmaqla beş nəfər yerləşdirilib, yüngül xəsarət alan digər şəxslərə isə yerində tibbi yardım göstərilib.

İlkin məlumata görə, yanğın piroliz qurğusunun köməkçi texnoloji sahəsində baş verib, kompleksin əsas avadanlığına ziyan dəyməyib. Hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradılıb. Mütəxəssislər tərəfindən fövqəladə hadisədən sonra atmosfer havasının keyfiyyətinə monitorinq aparılır. Yanğın ocağı artıq lokallaşdırılıb.

Amur Qaz-Kimya Kompleksi (AGKK) Rusiya və dünya bazarlarında tələb olunan polietilen və polipropilen markalarının istehsalı üzrə dünyanın ən böyük müəssisələrindən biridir. Kompleksin işə salındıqdan sonra illik istehsal gücü 2,7 milyon tona qədər hazır məhsul təşkil edəcək. Bu, "Sibur" və Çinin "Sinopec" şirkətinin birgə layihəsidir.

Dəyəri 11 milyard dollar olan zavod Amur vilayətinin Svobodnı şəhərindən 15 km aralıda inşa edilir. Tikintiyə 2020-ci ilin avqustunda başlanılıb. Müəssisənin istismara verilməsinin planlaşdırılan tarixi 2027-ci ildir.

Almaz Həsənli