Yaroslavlda Ukrayna dronlarının hücumundan sonra Rusiyanın ən böyük neft emalı zavodlarından biri yanır
Avqustun 6-na keçən gecə pilotsuz uçuş aparatları (PUA) Rusiyanın ən böyük beş neft emalı zavodundan biri olan Yaroslavldakı "Slavneft-YANOS" zavoduna hücum edib.
Oxuməni.az-ın məlumatına görə, bu barədə Rusiya hakimiyyəti və monitorinq resursları xəbər verir.
Vilayətin qubernatoru Mixail Yevrayev PUA hücumları və şəhərdən Moskva istiqamətinə çıxışın bağlandığını bəyan edib. Yerli sakinlər sosial şəbəkələrdə partlayış səslərinin, daha sonra isə bir neçə yerdən qalxan qara tüstü sütunlarının kadrlarını paylaşıblar.
"Astra"nın yazdığına görə, hücum nəticəsində "Slavneft-YANOS" (Yeni Yaroslavl Neft Emalı Zavodu) yanır.
Bu zavod Rusiyanın ən böyük beş neft emalı zavodu sırasına daxildir və ildə təxminən 15 milyon ton neft emal edir.
Zavod "Avro-5" standartlı avtomobil benzinləri və dizel yanacağı, aviasiya kerosini və reaktiv mühərriklər üçün yanacaq, geniş çeşiddə yağlar, bitumlar, parafin-mum məhsulları, aromatik karbohidrogenlər, mayeləşdirilmiş qazlar və yanacaq mazutu istehsal edir.
"Slavneft-YANOS" Rusiyanın Mərkəzi və Şimal-Qərb federal dairələrini yanacaqla təmin edir.
Ukrayna dronları bu zavoda artıq bir neçə dəfə hücum edib; xüsusilə, təkcə 2026-cı ildə zərbələrdən sonra zavod bir neçə dəfə yanıb.
Almaz Həsənli































































































