
Nişandan qayıdan maşın qəzaya uğradı
Bakının Nizami rayonu ərazisində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtoqəza Babək prospektində qeydə alınıb. 24 yaşlı Əhmədli Xaqanı Qadir oğlu idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə qarşıda hərəkətdə olan Hacıyev Qabil Nəbi oğluna məxsus "Daewoo" markalı digər nəqliyyat vasitəsi ilə toqquşub. Zərbənin gücündən "Daewoo" markalı avtomaşın bir neçə dəfə fırlandıqdan sonra yol kənarındakı səkilərə dəyərək dayanıb.
Hadisə nəticəsində həmin avtomaşının sürücüsü və sərnişin 50 yaşlı Zeynalov Təsəlli Novruz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Qeyd edək ki, qəza iştirakçısı olan "Mercedes"in sürücüsü yaxın dostunun nişan mərasimindən qayıdırmış. Qəzaya səbəb kimi də yüksək sürət amili göstərilir. Faktla bağlı Nizami rayon polis idarəsində araşdırmalar aparılır.
O.M.