Ermənistan tərəfi sərhəddə itkin düşmüş azərbaycanlı ilə bağlı məlumat yayıb
Ermənistan aprelin 2-də itkin düşən 47 yaşlı Xanlıqlar kənd sakini Sabir Kərimov haqda məlumat yayıb. Oxumeni.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Əsir, girov, itkin düşmüş vətəndaşlar barədə Komissiya yanında İşçi qrupun rəhbəri Armen Kapriyelyan Sabir Kərimov haqda heç bir məlumata malik olmadıqlarını açıqlayıb.
Xatırladaq ki, aprelin 2-dən Qazax rayonunun Ermənistanla sərhədində 47 yaşlı Xanlıqlar kənd sakini Sabir Kərimov meşəyə pencər yığmağa gedərkən itkin düşüb. Onun yaxınları bildiriblər ki, Sabir Kərimov aprelin 2-də saat 9-da evdən çıxıb:
"Xanlıqlar kəndi ilə Ermənistanın işğalı altında olan Lələ kəndi sərhəddir. Meşə də bu sərhəddə yerləşir. Evdən çıxandan 15 dəqiqə sonra onun telefonuna artıq zəng çatmayıb. Biz güman edirik ki, onu ermənilər öldürüb, ya tutub, ya da minaya düşüb".
O.M.