Moskva vilayətində məktəbli bıçaqla məktəbə hücum edib, bir uşaq həlak olub

Moskva vilayətində məktəbli bıçaqla məktəbə hücum edib, bir uşaq həlak olub

16 Dekabr 16:02
Bəyəndim (3) Bəyənmədim (0)


Hücum Bakı vaxtı ilə təxminən saat 11-də baş verib. Hadisə barədə ilk məlumatı "Baza", "Oсторожно, Москва", "112" və "SHOT" teleqram kanalları yayıb.
TASS-ın məlumatına görə, balaklavalı məktəbli mühafizəçini bıçaqlayıb, bibər qazından istifadə edib, daha sonra on yaşlı məktəbliyə bıçaq xəsarəti yetirib. Uşaq hüquqları üzrə ombudsmanın bildirdiyinə görə, üç nəfər yaralanıb, dördüncü sinif şagirdi isə həlak olub.
KİV-in məlumatına görə, hücumu 15 yaşlı 9Б sinif şagirdi Timofey K. törədib. Bildirilir ki, o, bir neçə gün ərzində cinayətə hazırlaşıb və sinif yoldaşları arasında "Mənim qəzəbim" adlı manifesti əvvəlcədən yayıb, orada cəmiyyətə nifrətindən bəhs edib.
Teleqram kanalları bildiriblər ki, hücum edən şəxs "Heç kimin həyatı əhəmiyyət kəsb etmir" yazısı olan futbolka geyinibmiş, bu da "skulşutinq" (məktəbdə atışma) ideologiyası ilə bağlıdır. İnternetdə yeniyetmənin ultra-sağçı simvollar, o cümlədən "kolovrat" təsvirləri olan fotoları da yayılır.
Kanallar həmçinin Timofeyin "White Power", "Natural Selection" yazıları olan güman edilən dəbilqəsinin fotolarını dərc edirlər.
Ayrı bir məlumatda bildirilir ki, hücumdan sonra yeniyetmə həlak olmuş məktəblinin cəsədi fonunda selfi çəkib. "Ostorojno Media" kanalı həlak olanın anasının tanışlarına istinadən bildirib ki, öldürülən şəxs tacik ailəsindən olub. "112"nin məlumatına görə, onun adı Kobilcon A. olub. Onun üzərindəki kameradan çəkilmiş video yazısı, onun məktəbdə necə hərəkət etdiyini, şagirdlərin yanına yaxınlaşıb onların milliyyətini soruşduğunu, sonra isə hücumu davam etdirdiyini göstərir.
KİV-in məlumatına görə, yeniyetmə neonasizm ideyalarını bölüşüb və 2019-cu ildə məscidlərdə kütləvi qətliam törətmiş avstraliyalı terrorçu Brenton Tarantdan nümunə götürüb. Onun simvolları və manifestləri radikal internet icmalarında fəal istifadə olunur.
Hücum zamanı təhlükəsizlik qüvvələri yeniyetməni qandallı şəkildə binadan çıxararaq saxlayıblar. Girov götürülən şəxs zərər görməyib.
TASS agentliyinin Moskva vilayətinin İstintaq Komitəsinə istinadən verdiyi məlumata görə, yeniyetmə dindirilmə zamanı günahını etiraf edib.
Almaz Həsənli