"AzTV" Zərdabdan başladı
İlk Novruz şənliklərinə su və od çərşənbələri ərəfəsində Azərbaycan Televiziya və Radio Verilişləri QSC ilə Rayon İcra Hakimiyyətinin birgə keçirdikləri tədbirlərlə Zərdab rayonunda start verilib.
Zərdab RİHB Aparatının informasiya təminatı və təhlil sektorundan daxil olan məlumata görə, milli geyimli yüzlərlə oğlan və qız, idmançılar, atlılar, ictimaiyyətin, gənclərin nümayəndələri və ozan, kosa, keçəl Novruzsayağı bəzənmiş at arabasında zurna sədaları altında Zərdab şəhərinin girişində tikilmiş əzəmətli giriş qapısından rayona daxil olublar. Sonra onlar Bayraq meydanında yığışaraq şəhər mərkəzindəki ümumi ərazisi 5 hektara qədər olan Heydər Əliyev parkında ümumrayon Novruz şənliyini qeyd etməyə toplaşan minlərlə rayon sakininə qoşulub.
Ozan haray çəkərək insanları Novruzun gəlişi, ilk çərşənbələr münasibətilə təbrik edib və tonqallar yandırılıb. Tədbirə toplaşanlar rayonun 42 yaşayış məntəqəsindən Heydər Əliyev parkında təşkil olunan milli-mənəvi dəyərlərimizi özündə əks etdirən qədim sənət nümunələri, sacda balıq bişirilməsi, plov, yarpaq dolması, kətə və digər onlarla milli xörəklərimizin bişirilməsi, dibəkdə dən döyülməsi, xalça toxunması, təknədən balın kəsilməsi ilə tanış olublar.
Novruz şənlikləri Kür çayı sahilində və bayramsayağı bəzədilmiş gəmidə davam etdirilmişdir. Novruz mərasiminin keçirildiyi ərazilərin Novruz ruhlu tərtibatı, tədbir yerlərin düzülmüş 5 mindən çox səməni, Heydər Əliyev parkındakı fontanlar, şəlalə, minlərlə çiçək və güllərdən hazırlanmış butalar da iştirakçıların ruhunu oxşayıb.
O.M.





























































































