Valideynsiz böyüyən gənclər mənzillə təmin olunacaqlar
Azərbaycanda 18 yaşını tamam etmiş valideynini itirən, yaxud valideyn himayəsindən məhrum olan uşaqlar dövlət tərəfindən mənzillə təmin olunacaq. Milli Məclisin Sosial siyasət komitəsindən verilən məlumata görə, bununla bağlı "Valideynlərini itirmiş uşaqların sosial müdafiəsi haqqında" qanuna əlavə və dəyişikliklər olacaq.
Qanuna nəzərdə tutulan əlavə və dəyişikliklər ediləndən sonra dövlət tərəfindən həmin gənclər üçün yataqxana tipli yaşayış binalarının tikilməsi üçün vəsait ayrılacaq. Əlavə və dəyişikliklər qüvvəyə mindiyi təqdirdə artıq kimsəsiz uşaqlar yalnız 18 yaşına qədər deyil, 18 yaşdan sonra da evlə təmin olunacaq və evlə təmin olunan zaman hətta onların ailə qurub-qurmaması da nəzərə alınacaq. Belə ki, ailə quran valideynsiz böyüyən gənclər ailəlilər üçün nəzərdə tutulan mənzillə təmin olunacaq. Layihənin bu ilin sonuna qədər Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.
O.M.









































.jpg)




















































