Alkoqol onu ölümə apardı
Gecə Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib. Yeni Ramana qəsəbəsi Südçülük sovxozu ərazisində inşa edilən yarım tikilidə yaşayan 41 yaşlı Babyev Davud Həsən oğlu özünə məxsus fərdi yaşayış evində yanaraq faciəli şəkildə dünyasını dəyişib. Məlumata görə, Davud Babayev spirtli içki alüdəçisi olub və hadisə baş verən vaxtı da o spirtli içki qəbul edibmiş. Onun halı özündə olmadığından alovu hiss etməyib.
Yanğının isə evdə elektrik plitəsində baş vermiş qısa qapanmadan qaynaqlandığı ehtimal olunur. Əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin Sabunçu rayon yanğından mühafizə xidmətinin əməkdaşları yanğını ram etsələr də, ev sahibi Davud Babayevin həyatını xilas etmək mümkün olmayıb. Hadisə nəticəsində ümumi sahəsi 20 kvadrat metr olan ev, bütün əşyaları ilə birgə tamamilə yanıb.
Hadisə yerinə həmçinin Sabunçu rayon polis idarəsinin və rayon prokurorluğun əməkdaşları cəlb olunub. Meyitin ilkin müayinəsi üçün əraziyə ekspertlər də cəlb olunub. İlkin baxış və müvafiq yoxlamalardan sonra Davud Babayevin yanmış meyiti daxili və xarici müayinə üçün məhkəmə tibbi ekspertizasına aparılıb. Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırmalar aparılır.
O.M.





























































































