
Abel Məhərrəmov Latviya səfiri ilə görüşüb
Bu gün Bakı Dövlət Universitetinin rektoru,
akademik Abel Məhərrəmov Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri
Hardis Baumanisi qəbul edib.
Mətbuat xidmətindən verilən məlumatına
görə, BDU-nun yaranma və inkişaf tarixindən, beynəlxalq əlaqələrindən bəhs edən
rektor Latviyanın ali təhsil ocaqları ilə əməkdaşlığa xüsusi önəm verməsindən,
universitetlərin daha sıx və səmərəli fəaliyyət göstərmələri üçün birgə proqram
və layihələrdən, tələbə-müəllim mübadiləsinin mümkünlüyündən danışıb.
1921-ci ildə Latviyanın müstəqillik qazandığı vaxt Azərbaycanın ilk olaraq
Latviya xalqını bu münasibətlə təbrik etdiyini xatırladan səfir Hardis
Baumanisi Azərbaycan və Latviya dövlətləri arasında sıx əlaqələrin olduğunu
bildirib. Latviya Dövlət Universitetinin BDU ilə oxşar tarixinin olduğunu, onun
da 1919-cu ildə yarandığını bildirən səfir Azərbaycan universitetləri, xüsusən
Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.
BDU-da bir sıra mərkəzlərin olduğunu xatırladan rektor Abel Məhərrəmov gələcəkdə
Baltik mərkəzinin də açılacağını diqqətə çatdırıb.
Qeyd edək ki, bu ilin sentyabr-oktyabr aylarında Latviya Dövlət Universitetinin
rektoru Martsis Auzenişin BDU-ya səfəri olacaq. Səfər zamanı iki universitet
arasında anlaşma protokolu imzalanacaq.