
İlham Əliyev mətbuat qarşısında açıqlama verib
Azərbaycan prezidenti İlham Əliyev Litva
prezidenti Dalya Qribauskayte ilə görüşdən sonra mətbuat qarşısında açıqlama
verib. O, "Uzun illərdir Azərbaycan ilə Ermənistan arasındakı münaqişə
həll olunmayıb. ATƏT-in Minsk qrupu demək olar ki, 20 ildir fəaliyyət göstərsə
də, indiyə qədər praktiki nəticələr yoxdur", - deyib.
Daha sonra nitqini davam etdirən prezident, "Bu yaxınlarda ATƏT-in sahə
qiymətləndirmə missiyası Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək
hesabat hazırlayıb. Həmin hesabatda aydın şəkildə deyilir ki, işğal olunmuş
ərazilərdə bütün infrastruktur dağıdılıb, qeyri-qanuni məskunlaşdırma faktları
var. Rayonların tarixi adlarını, inzibati sərhədlərini dəyişmək cəhdləri və
Ermənistanın işğalçı siyasəti ilə bağlı bir çox digər sübutlar var.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin inzibati hüdudlarından kənarda yerləşən
7 rayonu da işğal altındadır. Biz etnik təmizləmə siyasətindən əziyyət çəkirik.
Bir milyon azərbaycanlı öz doğma torpaqlarında qaçqın və məcburi köçkün
vəziyyətinə düşmüşdür. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin
təxminən 20 faizi işğal altındadır. Dağlıq Qarabağ Azərbaycanın tərkib
hissəsidir. Əlbəttə ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri
əsasında həll edilməlidir. Ümidvarıq ki, Ermənistan ATƏT-in Minsk qrupunun
təkliflərinə konstruktiv yanaşma nümayiş etdirməklə irəliyə doğru addım atacaq
və Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmağa başlayacaq. Bundan sonra
bölgədə sülh bərqərar ola bilər. Ermənistan ilə Azərbaycan arasındakı münaqişə
regional təhlükəsizliyə və sabitliyə əsas təhdiddir. Bu münaqişənin beynəlxalq
hüquq əsasında tezliklə həlli bütün tərəflərin marağındadır", fikrini
söyləyib. Mətbuat konfransından sonra prezidentlər Litvalı qonağın şərəfinə
hazırlanmış ziyafət salonuna yola düşüblər.
Qarabağ məsələsi bir yaradır. Bu yaranı sağaltmaq üçün onu törədən xəstəliklə mübarizə aparmaq lazımdır, həm də cəmiyyətimizin immuniteti ilə...
Elvin Babayev
O.M.