“Oxu Məni”də oxucularla ənənəvi görüş keçirildi

“Oxu Məni”də oxucularla ənənəvi görüş keçirildi

31 Dekabr 2012 17:04
Bəyəndim (0) Bəyənmədim (0)
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il Bayramına həsr olunmuş tədbir maraqlı təkliflər, iradlar, fikirlərlə yadda qaldı

Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində "Oxu Məni" qəzetinin redaksiyasında oxucularla ənənəvi görüş keçirildi. Həmişəki kimi görüşdə çoxsaylı oxucuları təmsil edən daha fəal oxucular iştirak edirdilər. Mədinə Qarayeva, Röyalə Məmmədova, Cici qız Günel, Nofəl Ümid, Rəşad Məhəmmədoğlu, Emin Dəniz, Sahib Naxçıvanlı, Rövşən Rzayev, Fuad Biləsuvarlı, Ramil Günəşli, Sərvər Kamranlı və başqalarının gəlişi redaksiyada səmimi və işgüzar tədbirin baş tutmasına səbəb oldu.

"Oxu Məni" qəzetinin baş redaktoru Natiq Qocaman tədbir iştirakçılarını salamlayaraq, onları qarşıdan gələn Yeni il Bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik etdi. O bildirdi ki, OXUcu "OXU MƏNİ" qəzetinin adı və ilham mənbəyidir: "Qəzetimiz hər bir oxucunun fikrinə dəyər verir, sizin istəklərinizə və marağınıza uyğun dərc olunur. Siz bizim adımız, amalımızsınız. Biz sizin üçün varıq. Məhz bu səbəbdən tez-tez görüşlərimiz təşkil olunur".

Daha sonra oxucular yeni-yeni təkliflərini səsləndirməyə, problem və çatışmazlıqlara toxunmağa başladılar.

Maraqlı təklifləri ilə fərqlənən Emin Dəniz qəzetin oxumeni.az saytında olduğu kimi, səhifə-səhifə dərc olunmasını təklif edərək, bunun xarici ölkələrdə yaşayan azərbaycandilli oxucuların arzusu olduğunu dedi. O, fikrini bir zamanlar həftəlik tirajın 100 mindən çox olması ilə əsaslandırdı. E.Dəniz qəzetin yaradıcı kollektivinə iradını da bildirməyi unutmadı. Belə ki, oxucularla görüşdə redaksiya heyətinin tam tərkibdə olmamağından, tədbirlərdə əsasən baş redaktorun iştirakı ilə kifayətləndiyindən narazı qaldığını dedi. O təklif etdi ki, növbəti görüşlərdə redaksiyanın əməkdaşları tam heyətdə iştirak etsinlər: "Qəzetimizin nəşr olunduğu Cümə günü müqəddəs gündür. Hamımız bu günü səbirsizliklə gözləyirik. Həmçinin ona görə ki, sevimli qəzetimiz görüşümüzə gələcək". E.Dəniz açıqlamasına maraqlı replika ilə aydınlıq gətirdi: "Sevimli qəzetimizin yolunu gözləmək sevgilinin yolunu gözləməkdən də maraqlıdır".

Poeziya çələnginin qaliblərindən biri olan romantik ruhlu Nofəl Ümid də həmkarının səsləndirdiyi fikirlə razılaşaraq, növbəti görüşlərin bir neçə həftə əvvəldən qəzetdə anons edilməsini təklif etdi.

Mənəvi məsələlərə daha çox önəm verən Rövşən Rzayev qəzetdə dinlə bağlı köhnə rubrikaların birinin bərpa olunması fikrini səsləndirdi. O, bu səhifənin daha da maraqlı və operativ olması üçün oxucuların sualları əsasında tərtib olunmasını təklif etdi. Bundan əlavə, qəzet səhifələrində təkcə şou-biznes nümayəndələrinin deyil, həmçinin digər tanınmış şəxslərin müsahibələrini görmək istədiyini bildirdi.

İncə yumoru ilə hamıdan fərqlənən Rəşad Məhəmməd qəzetdə satirik mövzulara ehtiyac olduğunu dedi və bir zamanlar son dərəcə populyar olmuş "Eliklə sual-cavab" səhifəsinin bərpa edilməsini təklif etdi. O, hətta Eliklə (Elşad Vəliyevlə) telefonla əlaqə saxlayaraq, oxucular adından onu qəzetdəki rubrikasını bərpa etməyə çağırdı.

Nəğməkar şair Fuad Biləsuvarlı isə poeziyaya, əsasən sözünü demiş məşhur ədiblərin yaradıcılığına müraciət edilməsini, onların yaradıcılıq gecələrinin təşkilini vacib saydı.

Digər dəyərli oxucumuz Mədinə Qarayeva qəzetin tərtibatından ümumən razı qaldığını, lakin mesajların dərcində operativliyin pozulduğunu bildirdi. O, oxucularla görüşlərin tez-tez keçirilməsinin vacib olduğuna diqqət çəkdi və bunun "Ürək Sözü" səhifəsindəki yersiz deyişmələrə son qoyacağına işarə etdi.

Gülər üzlü Cici qız Günel də xanım həmkarının sözlərini təsdiqləyərək, qəzetdə işıqlandırılan hər bir mövzunun aktuallıq kəsb etdiyini vurğuladı. O, oxucular arasında səmimiyyətin artırılması məqsədilə müsahibə səhifəsində onlarla intervülərin dərc olunmasının vacibliyindən danışdı. Həmçinin bu addımın oxucu kütləsinin artmasına və onların fəallaşmasına xidmət edəcəyini bildirdi.

Sahib Naxçıvanlı təkliflərin ürəyəyatımlı və aktual olduğunu vurğulayaraq bu cür görüşdə ilk dəfə iştirak etməsindən məmnun qaldığını dilə gətirdi. O, "Oxu Məni"də hökm sürən səmimiyyətdən təsirləndiyini gizlətməyərək, hər kəsi bir neçə aydan sonra nəzərdə tutulan xeyir işinə dəvət etdi.

Dəyərli şeirlərin müəllifi Sərvər Kamranlı "Şeir" səhifəsində sağlam rəqabət şəraitinin yaradılması məqsədilə müsabiqənin bərpa olunmasını təklif etdi. Bundan əlavə, şeirlərin redaksiya heyəti və peşəkar şairlər tərəfindən qiymətləndirilməsinin stimulverici olacağı fikrini önə çəkdi. O, oxumeni.az saytının "Oxucu" bölməsində fəal oxuculara xüsusi bölmələr ayrılmasını təklif etdi.

Tədbirin sonlarına yaxın öz məsləhətləri ilə yadda qalan, aşiqlərin sevimlisi İsa Rəvan da redaksiyaya təşrif buyurdu. Onun gəlişi qədirbilən oxucular tərəfindən hərarətlə qarşılandı. Səmimi salamlaşmalar, hal-əhval tutmalar oxucuların onun şəxsinə və məqalələrinə duyduqları doğma münasibətdən xəbər verirdi. İsa Rəvan onun gəlişini səbirsizliklə gözləyən oxucuları çay dəsgahına qonaq etməyi də unutmadı.

Çay süfrəsi arxasında məhəbbət şairimiz Nüsrət Kəsəmənlinin yaradıcılığı yada salındı. Şairin həyat yoldaşına həsr etdiyi "Etiraf" şeirindən danışıldı. Tədbirin təşəbbüskarlarından olan Natəvan Uğurlu bəzi səbəblərdən görüşdə iştirak etməsə də, telefon vasitəsilə hər kəsə öz salamını yetirdi...

"Oxu Məni" qəzetinin baş redaktoru Natiq Qocaman redaksiyaya göstərilən dövlət qayğısından danışaraq KİVDF-nin ayırdığı birdəfəlik maliyyə yardımından və layihə çərçivəsində ayrılan maliyyə vəsaitindən söhbət açdı. O, göstərilən diqqətə və qayğıya görə redaksiya heyəti və oxucular adından KİVDF-yə və ümumən ölkə rəhbərliyinə təşəkkürünü bildirdi. Baş redaktor qeyd etdi ki, ayrılan vəsait qəzetin hərtərəfli inkişafına, daha da oxunaqlı olmasına, sosial əhəmiyyətinin artırılmasına xidmət edəcək. Natiq Qocaman sonda "Oxu Məni" qəzetinə duyduqları marağa, diqqətə və məhəbbətə görə tədbir iştirakçılarının timsalında minlərlə oxucuya təşəkkürünü bildirdi və indən belə də yorulmadan onlara xidmət edəcəklərini vurğuladı.

Beləcə, işgüzar görüş aşağıdakı arzu və təkliflərlə yadda qaldı:

1. "Ürək sözü" səhifəsinə yazılan mesajların gecikmə hallarının aradan qaldırılması, məqalələrin zaman uyğunlaşması.

2. Şeir səhifəsinin canlanması üçün müsabiqələrin bərpası və şeirlərə mütəxəssis rəyi.

3. Tanışlıq səhifəsinin bir zamanlar işıq üzü görən "Səni axtarıram" səhifəsi ilə əvəz edilməsi.

4. "Tikan" və "Elikin dostları" rubrikalarının bərpası.

5. Aforizmlərə və satirik mövzulara geniş yer verilməsi.

6. Aktual mövzuları əhatə edəcək köşə yazılarının mütəmadi olaraq qəzetdə nəşr olunması. Bu zaman istedadlı oxucuların yazılarından geniş istifadə edilməsi.

7. Oxuculardan müsahibələrin götürülməsi.

8. İlin şairi, ilin yazıçısı və ilin idmançısının seçilməsi, tanınmış şairlərin yaradıcılıq gecələrinin keçirilməsi.

9. Sual-cavab rubrikasının açılması, oxucu suallarının birbaşa populyar şəxslərə ünvanlanması.

10. "Oxu Məni" qəzetində nəşr olunmuş məqalələrin olduğu kimi oxumeni.az saytına yerləşdirilməsi.

11. Oxucuların təşkil etdikləri müxtəlif tədbirlərin "Oxu Məni" qəzetində və oxumeni.az saytında operativ olaraq işıqlandırılması.

12. Oxucularla redaksiya heyətinin görüşlərinin tez-tez təşkili.

Əziz oxucular! Yeni ildə qəzetimiz bizlərin görüşünə daha da maraqlı rubrikalar və xəbərlərlə gələcək. Onun üçün qəzetimizin hər sayını izləməyi unutmayın. Qəzetimiz bizlərin adı ilə yaşayır, bizlər də onu yaşatmağa davam etməliyik...

Daimi oxucu Sərvər Kamranlı

O.M.