Fond 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə tədbir keçirdi

Fond 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə tədbir keçirdi

28 Dekabr 2012 14:58
Bəyəndim (0) Bəyənmədim (0)
KİVDF 101 jurnalisti mükafatlandırdı

Dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirib. "Xəmsə" şadlıq sarayında keçirilən təntənəli mərasimdə Fondun təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb. Tədbirdə Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov, Milli Məclisinin sədr müavini Bahar Muradova, təhsil naziri Misir Mərdanov, icra hakimiyyətlərinin rəhbərləri, millət vəkilləri, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının rəhbəri Nuşirəvan Məhərrəmli, ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Torqay, Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin rəhbəri Sadettin Topukçu, QHT rəhbərləri, media nümayəndələri və digər ictimaiyyət təmsilçiləri iştirak edib.

Qonaqları salamlayan KİVDF-nin icraçı direktoru Vüqar Səfərli mükafatlandırma mərasimindəki çıxışında bildirib ki, müsabiqə üçün Fonda 79 yazı verilib, onlardan 59-u qalib olub: "Onlardan 44-nə müsabiqənin şərtlərinə uyğun olaraq 1000 manat, qalan 15 nəfərə isə həvəsləndirici mükafat kimi 300 manat verilib. Bu gün həmçinin Suraxanı və Binəqədi rayonları ilə birgə keçirilən müsabiqənin qalibləri də mükafatlandırılacaq. Rayon müsabiqələrində Suraxanı və Binəqədi rayonlarında keçirilən müsabiqələrdə isə I yer üçün 1000 manat, II yer üçün nəzərdə tutulmuş iki yerə 800 manat, III yerə layiq görülmüş üç nəfərə isə 600 manat mükafatın verilməsi nəzərdə tutulub.

Bundan əlavə, həmçinin həvəsləndirici mükafatlar nəzərdə tutulub ki, onların hər birinə 200 manat mükafat veriləcək". Hesabat xarakterli çıxışında Fondun icraçı direktoru qeyd edib ki, 2012-ci ildə təkcə yazı müsabiqələrində 240 jurnalist mükafatlandırılıb və bu mükafatlandırılanlar içərisində bölgə jurnalistləri də diqqət mərkəzində saxlanılıb: "Keçirilən tədbirlərin jurnalistlərin peşəkarlığının artırılması və onların maddi durumlarının yaxşılaşdırılması baxımından olduqca əhəmiyyətlidir". Sonda Vüqar Səfərli qalibləri və jurnalistləri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edib.

Mükafatlandırma mərasimində çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan jurnalistlərini, onların ailələrini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. Şöbə müdiri gələn il Bakıda KİV-lər üçün inşa olunan binanın açılışı olacağını, ehtiyacı olan, eyni zamanda bu sahədə daha səmərəli fəaliyyət göstərən jurnalistlərə paylanacağını deyib: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin mətbuata münasibətinin nəticəsi ötən il onun jurnalistlərin dostu seçilməsi oldu. Gələn il jurnalistlər üçün ilk dəfə olaraq ölkə tarixində məxsusi olaraq tikilmiş binanın açılışında iştirak edəcəyik". Əli Həsənov qeyd edib ki, ənənəvi olaraq hər il 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ərəfəsində jurnalistlər mükafatlandırılır: "Burada təkcə fərdi jurnalist müsabiqəsinin keçirilməsi deyil, eyni zamanda il ərzində yazıları ilə fərqlənən jurnalistlər mükafatlandırılır. Bu artıq Azərbaycanda bir ənənə halını alıb. Azərbaycan dövlətinin mətbuata dövlət qayğısı illərdir ki, davam edir. Bu sahədə konsepsiyaya uyğun olaraq KİVDF hər il jurnalistlərin bir çox problemlərini öz üzərinə götürərək onların əməyini və sosial ehtiyaclarını həll edir. Bu il də fərdi müsabiqədə qalib gələnlər var. Ancaq məğlub olan yoxdur. Sadəcə olaraq 1-ci 2-ci, 3-cü və ondan sonrakı yerləri tutanlar var. Burada hər üç yer tutanlar mükafat alır, qalanları isə növbəti il üçün daha yaxşı hazırlaşmağa can atırlar. Amma əsas məsələ bu deyil. Əsas məsələ odur ki, belə tədbirləri keçirməklə bizim dövlətimizin və ölkə başçımızın, bütövlükdə Azərbaycan cəmiyyətinin mediaya münasibətini, qayğısını sərgiləyirik. Bu qayğıdan bütövlükdə cəmiyyət bəhrələnir".

Əli Həsənov çıxışını davam edərək bildirib ki, 2013-cü ildə Azərbaycan dövlətinin qarşısında durmuş sosial-iqtisadi və digər problemlər var: "2013-cü ildə Dağlıq Qarabağı da geri qaytararıq. 2012-ci ilin müvəffəqiyyətlərindən çıxış edərək 2013-cü ildə Azərbaycan dövlətinin bəlli hədəfləri var. Bu il Azərbaycan üçün uğurlu il olub. Əsas məsələ odur ki, birlikdə Azərbaycan dövlətinin və xalqının informasiya ehtiyaclarını təmin etməliyik və bu sahədəki mövcud problemlərini aradan qaldırmalıyıq".

Sonra KİVDF-nin, eləcə də Suraxanı və Binəqədi Rayon İcra Hakimiyyətləri ilə Fondun birgə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsində qalib gələn 101 jurnalistin mükafatlandırılıb.

Tədbir konsert proqramı və ziyafət məclisi ilə davam edib.

O.M.