Bu gün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 51 yaşı tamam olur

Bu gün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 51 yaşı tamam olur

24 Dekabr 2012 08:45
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 51 yaşı tamam olur. İlham Heydər oğlu Əliyev 1961-ci ilin 24 dekabr günü Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. O, 1977-ci ildə indiki Səbail rayonunun 6 saylı orta məktəbini bitirib və eyni ildə Moskva Dövlət Xarici Əlaqələr İnstitutuna daxil olub. İnstitutu bitirdikdən sonra Tarix Elmləri Namizədi elmi dərəcəsini alaraq eyni ali məktəbdə müəllim kimi əmək fəaliyyətinə başlayıb. Heydər Əliyev siyasi repressiyaya məruz qaldıqdan sonra İlham Heydər oğlu institutdan çıxmağa məcbur edilib. 1991-ci ildə o, özəl "Oriyent" firmasını təsis edib və fərdi bizneslə məşğul olmağa başlayıb. 1992-ci ildə İ.Əliyev Türkiyənin İstanbul şəhərinə köçüb və Heydər Əliyev xalqın təkidli tələbilə yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra vətənə dönüb. O, 1994-cü ildən 2003-cü ilin avqustuna qədər Dövlət Neft Şirkətinin vitse prezidenti və birinci vitse prezidenti vəzifələrində çalışıb. 1995-ci və 2000-ci il seçkilərində İlham Heydər oğlu Milli Məclisin deputatı seçilib. 1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidenti seçilən İ.Əliyev bu sahədə ciddi irəliləyişlərə səbəb olub. O, idmanın və olimpiya hərəkatının inkişafında göstərdiyi xidmətlərə görə Beynəlxalq Olimpiya Komitəsinin ali mükafatı və ordeni ilə təltif edilib.

1999-cu ilin dekabrında Yeni Azərbaycan Partiyasının (YAP) I qurultayında İ.Əliyev partiya rəhbərinin müavini, 2001-ci ilin noyabrında keçirilən II qurultayda isə birinci müavin vəzifəsinə seçilib. 2001-2003-cü illərdə İ.Əliyev Azərbaycan parlamentini Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin sədri vəzifəsində təmsil edib. 2003-cü ilin yanvarında o, AŞPA sədrinin müavini və AŞPA-nın büro üzvü vəzifələrinə seçilib. 2003-cü ildə İ.Əliyev prezidentlik seçkilərində namizədliyini irəli sürüb. Həmin ilin avqust ayında Milli Məclis onu Azərbaycan Respublikasının baş naziri vəzifəsinə təyin edib.

2003-cü ilin 15 oktyabr günü İlham Heydər oğlu Əliyev 79,46% səs toplayaraq Azərbaycan Respublikasının prezidenti vəzifəsinə seçilib. 2008-ci il seçkilərində 88%-dən artıq səslə vəzifəsini qoruyub saxlaya bilib.

İlham Əliyev 1983-cü ildən Mehriban Arif qızı Əliyeva (Paşayeva) ilə ailəlidir. Leyla, Arzu, Heydər adında 3 övladı var. 2008-ci ilin 01 dekabr günü baba olub.

İlham Heydər oğlu Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası çoxsaylı uğurlar və nailiyyətlər qazanıb. Bu gün ölkəmiz nəinki enerji təhlükəsizliyi, eləcə də dünya təhlükəsizliyi məsələlərində söz sahibinə çevrilib.

O.M.