Bu gün Müdafiə Sənayesi Nazirliyinin işçilərinin peşə bayramıdır

Bu gün Müdafiə Sənayesi Nazirliyinin işçilərinin peşə bayramıdır

17 Dekabr 2012 12:37
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Müdafiə Sənayesi Nazirliyinin işçilərinin peşə bayramıdır. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 10-da imzaladığı sərəncama əsasən, hər il dekabr ayının 17-si Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Nazirliyin istehsal fəaliyyəti ilə bağlı göstəricilərə nəzər salsaq, 2011-ci ilin birinci yarısında istehsal olunan müdafiə təyinatlı məmulatların istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2 dəfə, mülki məhsulların həcmi 14 faiz, cəmi məmulatların çeşid sayı 34 faiz artıb. 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə isə müdafiə təyinatlı məmulatlarda 81,9 dəfə, mülki məhsullarda 2,8 dəfə, cəmi məmulatların çeşid sayında 2,6 dəfə artım olub. Hazırda nazirliyin tabeli müəssisələrində müdafiə təyinatlı məmulatların istehsalı ilə yanaşı, mövcud olan istehsal bazasından istifadə etməklə, mülki məhsulların yeni növlərinin mənimsənilməsi istiqamətində də məqsədyönlü işlər aparılır. Məhz onun nəticəsidir ki, son 4 ildə müəssisələrdə mülki məmulatların istehsal həcmi 2,2 dəfədən çox artıb. Artıq nazirliyin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar beynəlxalq sərgilərdə nümayiş olunur.

İlk dəfə olaraq 2009-cu ildə Türkiyədə təşkil olunan "IDEF-2009" sərgisində 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Müdafiə Sənayesi Nazirliyi 12-14 dekabr tarixlərində sonuncu qatıldığı Küveytdəki "Körfəz Müdafiə və Aerospeys" sərgisində 97 adda müdafiə təyinatlı məmulat nümayiş etdirib.

O.M.