
Hava limanında məftillə hörülmüş hasarı aşaraq təyyarəyə daxil olan şəxs tutuldu
Meksikada hava limanının hasarından tullanaraq təyyarəyə daxil olan yeniyetmə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq nəzarətə götürülüb. Meksikanın paytaxtı Mexikoda yerləşən «Benito Xuarez» hava limanında bir nəfər limanı əhatə edən məftillərlə hörülmüş hasardan tullanaraq uçuş zolağında gözləyən təyyarəyə minib. Gəncin qanunsuz olaraq təyyarəyə mindiyi xəbəri üzərinə hərəkətə keçən təhlükəsizlik qüvvələri gənci təyyarə havaya qalxmamış yaxalayıb. Təyyarənin şassisində gizlənən gənc nəzarətə götürülüb. Hadisə şahidləri bildiriblər ki, gənc təyyarədən enmək üçün təhlükəsizlik qüvvələrindən bir şüşə içki istəyib və içkini içdikdən sonra aşağı enərək təslim olub. Hava limanı rəsmiləri Sezar adlı şübhəlinin 18 yaşından kiçik olduğunu və onun narkotik istifadə etdiyini müəyyən ediblər. Gəncə qarşı "təyyarədə özünün və sərnişinlərin həyatını riskə atmaq" maddəsi ilə cinayət işi başlanıb.
Murad Şahməmməd