
Çoxmərtəbəli binada yanğın zamanı 52 nəfər həyatını itirib
Cənubi Afrika Respublikasında çoxmərtəbəli binada səbəbi məlum olmayan yanğında 52 nəfərin cəsədi tapılıb. Hadisə şahidləri binada təxminən 200 nəfərin yaşadığını qeyd edərkən, səlahiyyətlilər 43 yaralının xəstəxanaya aparıldığını açıqlayıb. Cənubi Afrikanın ən böyük şəhəri Yohannesburqda səhər saatlarında naməlum səbəbdən çoxmərtəbəli binada yanğın baş verib. Təcili yardım qrupları və xilasetmə qüvvələrinin müdaxiləsindən sonra yanğın böyük ölçüdə nəzarət altına alınıb. Bununla belə, rəsmilər binanın içərisində hələ də güclü tüstünün olduğunu qeyd ediblər. Fövqəladə Hallar Xidmətinin sözçüsü Robert Mulaudzi bildirib ki, indiyədək yanğında 1-i uşaq olmaqla 52 nəfərin cansız cəsədini tapıblar. Ölənlərin sayının arta biləcəyini ifadə edən Mulaudzi, 43 yaralının binadan çıxarılaraq xəstəxanalara aparıldığını bildirib. Mulaudzi onu da bildirib ki, bina qeyri-rəsmi olaraq evsizlər tərəfindən müqaviləsiz sığınacaq kimi istifadə olunur.
Yaxınlıqdakı sakinlər isə binada təxminən 200 nəfərin də ola biləcəyini bildiriblər.
Murad Şahməmməd