
Elşad Abdullayevin qardaşı Baş Prokurorluqda yüksək vəzifədədir
Son günlər rüşvət mövzusu ilə gündəmə gələn Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin qardaşının hüquq-mühafizə orqanlarında yüksək vəzifədə çalışdığı məlum olub. Apa-nın verdiyi məlumata görə, Abdullayev Elsevər İslam oğlu Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsində şöbə prokuroru vəzifəsində çalışır. Son hadisələrdən sonra onun tutduğu vəzifədən uzaqlaşdırılacağı barədə məlumatlar yayılıb.
Elsevər Abdullayev isə açıqlamasında onun işdən çıxarılması ilə bağlı məlumatları təkzib edib: "Mən hazırda iş başındayam".
O, həmçinin qardaşı Elşad Abdullayevlə normal münasibətlərinin olduğunu açıqlayıb: "Elşad mənim qardaşımdır. Qardaşların münasibəti necə ola bilər ki?"
Qeyd edək ki, sentyabrın 25-də internetdə E. Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayılıb. Video materialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb. Dialoqda yüksək vəzifəli şəxslərin də adı çəkilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, müvafiq ekspertizalar keçirildikdən və digər zəruri prosessual araşdırmalar aparıldıqdan sonra Cinayət-Prosessual Məcəllənin 207-ci maddəsinin tələblərinə uyğun qərarın qəbul edilməsi təmin olunacaq.
Xatırladaq ki, bu gün Elşad Abdullayev internet vasitəsilə Respublikanın baş prokuroru Zakir Qaralova müraciət edib. Sabiq rektor müraciətində bildirir ki, millət vəkili Gülər Əhmədovaya iki milyon dollar rüşvət verməsi ilə bağlı video görüntünü internetdə yaydıqdan sonra ona qarşı təhdidlər artıb: "Məlum görüntülərdən sonra mənə qarşı bəzi media orqanlarında və sosial şəbəkələrdə şər-böhtan xarakterli məlumatlar yayılır. Həmçinin mənə və qohumlarıma qarşı Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat tərəfindən xəbərdarlıqlar edilir".
E.Abdullayev video müraciətdə hansı məqsədlə deputat olmaq istədiyini və G. Əhmədovaya nə üçün rüşvət verməsinin detallarını açıqlayıb. O, deputat seçilməkdə məqsədinin naməlum şəraitdə oğurlanan qardaşı Mahir Abdullayevi azad etmək olduğunu deyib: "Belə bir təklifi mənə Gülər Əhmədova edib. Gülər Əhmədova rəfiqəsi Sevinc Babayeva vasitəsi ilə mənə girovluqda olan qardaşımın azad edilməsi üçün deputat seçilməyimin zəruri olması ilə bağlı təklif göndərib. Mən qardaşımı girovluqdan azad etmək məqsədilə bu prosesə qoşulmuşam. Rüşvət kimi verdiyim pulun qaynağına gəldikdə isə deyə bilərəm ki, mən 30 ilə yaxın sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam və bütün bunların hüquqi əsasları var".
E.Abdullayev G.Əhmədova ilə bağlı video görüntülər və Azərbaycanda adam oğurluğuna dair faktlar barədə hüquq-mühafizə orqanlarına dəfələrlə məlumat verdiyi bildirib: "Baş Prokurorluq məlumat yayıb ki, mənim yaymış olduğum video görüntülər ekspertizadan keçirilməklə hərtərəfli araşdırılacaq. Mən hələ Azərbaycanda olduğum zaman ölkədə adam oğurluğuna dair faktları özündə əks etdirən yüzlərlə video və audio görüntüləri Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyinə təqdim etmişəm. Lakin bu günə qədər hələdə cavab ala bilməmişəm".
E.Abdullayev müraciətində həmçinin hüquq-mühafizə orqanlarından onlara təqdim olunmuş video görüntülərin obyektiv araşdırılmasını və ölkədə adam oğurluğu ilə məşğul olan mütəşəkkil dəstənin ifşa edilməsini xahiş edib.
O.M.