
“Mədh kilsəsi” dini icmasının apellyasiya şikayəti təmin olunmadı
Bakı Apellyasiya Məhkəməsində "Mədh kilsəsi" dini icmasının Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azneftyağ" Neft Emalı Zavoduna qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. Prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, dini icma əmlakın bazar dəyərinin ödənilməsi və kompensasiyanın alınması tələbi ilə əvvəlcə 2 saylı Bakı İnzibati – İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Həmin qərardan isə apellyasiya şikayəti verilib.
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən "Mədh Kilsəsi" dini icması "Azərneftyağ" Neft Emalı Zavoduna məxsus ərazidə (Xətai rayonu, Süleyman Vəzirov küçəsi-6) 28 sot yer icarəyə götürüb. Lakin sonradan 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi həmin ərazinin 9 sotunun dini icmadan alınması barədə qərar çıxarıb. Həmin 9 sot ərazidə birmərtəbəli bina da olub. Dini icmanın nümayəndələri həmin 5-6 otaqdan ibarət binada məskunlaşıb. Otaqlardan biri iri zal olub. Orada dini icmanın tədbirləri keçirilib, dualar oxunub. Digər otaqlar da müxtəlif məqsədlər üçün istifadə olunub. Məhkəmə qərarı icra olunduqdan sonra dini icmaya məxsus əşyalar binadan çıxarılıb.
"Mədh Kilsəsi" dini icması 1999-cu ildə Azərbaycan Ədliyyə Nazirliyi, 2002-ci ildə isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyata alınıb.
O.M.